Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində anti-Rusiya meyilləri günü-gündən artmaqdadır. “Rusiya kimi dostu olana düşmən lazım deyil” deyən ermənilər həmin ölkənin sülhməramlılarını iki il əvvəl gül-çiçəklə, tortla qarşılayıb, rusları “erməniləri Əzrailin əlindən alan müqəddəs mələk” kimi qələmə verməkdən də çəkinməyiblər. Çox keçmədi…
Görünür, iki il sonra Azərbaycanın regionda yaratdığı reallıqlar fonunda Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməsi ilə bağlı tələblər qoyulması onlarda qıcıq yaradıb. Sosial medianın erməni seqmentində rus sülhməramlılarının əmrlərinə tabe olmamaqla bağlı çağırışlar da artmaqdadır.
Bu hal xisləti bəlli olan millətin bundan sonrakı davranışları ilə bağlı müəyyən ehtimallar yaradır – yəni ermənilər tərəfindən rusiyalı sülhməramlılara qarşı hər hansı təxribat ola bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, bu gün ermənilərin Rusiya sühməramlılarına münasibəti birmənalı deyil:
“Belə ki, sosial medianın erməni seqmentində, həmçinin erməni mətbuatında “Rusiya bizi qoruya bilmir”, “sülhməramlılar təhlükəsizliyi təmin edə biləcək etibarlı tərəfdaş deyil” kimi fikirlər səslənməkdədir. Bu gün bu fikirlər yüksək səslə deyilirsə, deməli, hər an ermənilər tərəfindən onlara qarşı təxribat törədilmə ehtimalı da ola bilər. Lakin bu təxribatı öz üzərlərinə götürəcəklərini düşünmək sadəlik olar. Maksimum dərəcədə çalışacaqlar ki, məsələdə Azərbaycanı günahlandırsınlar.
Amma hər halda bizimkilər də sayıqdırlar, Rusiya da bilir ki, kim hansı əməli törədir. Təxribat törətmək dövlət sərhədində başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə isə tamam başqadır. Fikrimcə, ermənilərin belə bir addım atacaqları az gözləniləndir. Çünki hazırda Rusiyadan nə qədər narazı olsalar da, onları Rusiya və İrandan başqa müdafiə edəcək başqa heç bir dövlət yoxdur. Ona görə biz bu cür təxribatlara istənilən halda hazır olsaq da, hələ ki, belə bir təxribat gözləmirəm”.
İ.İsmayılın sözlərinə görə, biz dəfələrlə oxşar təxribatların şahidi olmuşuq ki, həmin təxribatlarda Azərbaycanı təqsirli göstərməyə çalışıblar:
“İndiyə qədər istər diplomatik, istərsə də digər formalarda Rusiya ilə işləyib bu təxribatların səbəbkarını aşkara çıxarmışıq. Onların hər dəfə bizi ittiham etməsi o demək deyil ki, susub oturacağıq. Bəli, Rusiyada da kifayət qədər ermənipərəstlər var ki, hər dəfə erməni dəyirmanına su tökməyə çalışırlar. Lakin istənilən halda Azərbaycan bu cür məsələlərin obyektiv şəkildə araşdırılması üçün lazımi addımları atacaq”.
Aysel Aslanqızı