Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtdıqlarını özündə əks etdirən minlərlə fotonu çəkərək sənədləşdirib.
APA xəbər verir ki, bu, 2021-ci il üçün ABŞ Dövlət Departamentinin İnsan Haqları Praktikası üzrə Ölkə Hesabatında əksini tapıb.
Sənəddə deyilir ki, məzarların təhqir olunması, bəzi hallarda isə məzarların qarət edilməsinə dair hallarla bağlı fotosübutlar var:
“Məsələn, ayrı-ayrı məzarlar qazılıb, çuxurlar tapılıb. Digər ərazilərdə ağır texnika ilə dağıdılma və ekshumasiyaya dair sübutlar var. Ağdamda Şəhidlər xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə meyitlərin dəfn olunduğu yerlərdə çuxurların fotolarını çəkiblər.
Qəbiristanlıqda bir dağıdılmış başdaşı qalıb. Bir çox məzar daşlarında ölənlərin fotoları məhv edilib. Bundan əlavə, meyitlər məzarlardan çıxarılıb və onların qızıl dişləri sökülüb, kəllə və digər sümükləri ətrafa səpələnib. Fotomüxbirin sözlərinə görə, ermənilərə məxsus məzarlar, demək olar ki, toxunulmaz qalıb”.