• Bz. Noy 24th, 2024

Ermənilərin basdırdıqları minaların aşkarlanması sürətlənəcək – ŞƏRH

ByYenigun.news

Apr 1, 2022

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Bu ərəfədə, aprelin 1-də Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans işə başlayıb.

Konfransın əhəmiyyəti:

1. Mina təmizlənməsi sahəsində ən qabaqcıl təcrübə bölüşülür;

2. Bu sahədə texnoloji və metodoloji yeniliklərin tətbiqi imkanları nəzərdən keçirilir;

3. 34 ölkədən 150-yə yaxın nümayəndənin iştirakı ilə keçirilən konfrans humanitar minatəmizləmə sahəsi üzrə dünyada tanınmış qurumlar, beynəlxalq ekspertlər üçün unikal müzakirə, əməkdaşlıq platforması açır.

Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkələrdəndir, hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi dövlətin prioritetləri sırasında dayanır.

Ermənistan 2021-ci il ərzində vaxtı ilə işğal etdiyi ərazilərdə basdırdığı minaların bəzi xəritələrini Azərbaycana təqdim edib, amma onun dəqiqliyi cəmi 25 faizdir. Yetmiş beş faizlik xəta isə ərazilərin minalardan təmizlənməsi prosesində insan həyatı üçün böyük risk olaraq qalır.

Azərbaycan minaların aşkarlanıb zərərsizləşdirilməsi məsələsində beynəlxalq dəstək də qazanıb, bununla belə, digər beynəlxalq təkliflərə də açıqdır.

Bakıda keçirilən konfrans da beynəlxalq ictimaiyyətin diqqətini bir daha mina məsələsinə ayırması baxımından böyük rol oynayır.

Humanitar minatəmizləmə fəaliyyəti insan həyatı, davamlı inkişaf, infrastruktur layihələrinin icrası, iqtisadi inkişafın təmin edilməsi üçün önəmlidir.

BMT-nin 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyində 17 məqsəd var.

BMT və onun tərəfdaşları Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində çalışırlar. Bu tərəfdaşlıq nəticəsində Azərbaycan dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini, 88 hədəfi və 119 göstəricini prioritetləşdirib.

İndi həmin məqsədlər minatəmizləmə prosesi ilə də uyğunlaşdırılır. Belə ki, məcburi köçkünlərin öz doğma yurdlarına “Böyük Qayıdış” adı ilə geri qaytarılması “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsidir.

Bu zaman Dayanıqlı İnkişaf Məqsədləri vətəndaşların Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə davamlı şəkildə köçürülməsində əsas sütuna çevrilir.

Humanitar minatəmizləmə ilə uzunmüddətli sülh və sosial-iqtisadi inkişaf arasında qarşılıqlı əlaqələr nəzərdən keçiriləcək və gələcək əməkdaşlığa zəmin yaradacaq.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir