Konfliktoloq Rüstəm Qaraxanlı yazır…
Ermənilərin “blokada” və “humanitar böhran” yalanlarına heç ilk gündən dünya ölkələri inanmadılar. Ancaq Qarabağdakı “aclıq soyqırımı”nı Holokostla müqayisə etdikdə özlərinin sevimli ifadələri ilə desək, “qırmızı xətt”i keçdilər. Əvvəl Qarabağda ilişib qalmış “qara maliyyə”çi Ruben Vardanyan Leninqrad blokadası ilə paralellər qurmağa cəhd etdi, gözlədiyi reaksiya gəlmədi. Sonra ABŞ-də yaşayan milliyyətcə erməni rok ifaçısı Serj Tankyan “Holokost qurbanlarının nəvələri genosid qurbanlarının nəvələrinin qətlinə səbəb olurlar” məzmunlu paylaşımı ilə Yerevandakılara pas verdi. Ən böyük arzularından biri İsrailin rəsmən “erməni genosidi”ni tanıması olan erməni siyasi isteblişmenti okeanın o tayından gələn siqnalı dərhal tutdu. Beləcə Qarabağda yaşanan “aclığ”ın Holokostla eyniləşdirilməsinə start verildi.
Real siyasət bucağından baxdıqda, bu, ermənilərin son illərdə yol verdikləri ən böyük səhvlərdən biri idi və nəticəsi özünü çox gözlətmədi. Bakılı ravvin Zamir İsayev çirkin kampaniyaya qarşı haqq səslərini ucaltmaq və etirazlarını ifadə etmək üçün dünya yəhudilərinə müraciət etdi. Əvvəl Odessanın yəhudi dini icmasının rəhbəri Şlamo Bakşt belə müqayisəni Holokost qurbanlarının müqəddəs ruhuna təhqir olaraq qiymətləndirdi. Ardınca Avropanın 50 ravvini Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçatryana göndərdikləri məktubda “siyasi fikir ayrılıqlarında işlədilən jarqonlar”ın istifadəsi zamanı Holokostdan yararlanma hallarına qəti etirazlarını bildirdilər. Bu fonda “Jüdisches Europa” qəzetində işıq üzü görən bu ifadələr ibrətamizdir: “İrandan asılı olan erməni liderlər BMT-də “aclıqla genosid”dən danışırlar, sosial şəbəkələr isə səs-küylü restoranlar, dəbdəbəli toylar, qızardılmış ət və insan boyunda tortların şəkilləri ilə doludur”.
Ermənilərin dar ayaqda əsrlər boyu nifrət etdikləri düşmənlərinin belə qapısına kömək dalınca getmək kimi adətləri var. Ötən yüzilliyin əvvəlində mövcud olmuş birinci Ermənistan respublikasının daşnak liderlərinin bolşeviklərə qarşı Türkiyədən hərbi yardım yalvarışlarına dair yüzlərlə fakt mövcuddur. Onların yəhudilərə münasibətdə bəslədikləri kin, paxıllıq və anormal rəqabətin tarixi isə daha dərindir.
“Niyə?” sualının ən sadə və anlaşılan cavabı budur: ermənilər bineyi-qədimdən özlərini əlahiddə xalq, “ilk xristian dövlət”in varisləri kimi təqdim edir və səmavi dinlərin onlara deyil, yəhudilərə və ərəblərə göndərildiyinin dərin depressiyasını yaşayırlar. Orta əsr erməni tarixçilərinin “erməni xalqının yaranma tarixi və mənşəyi” barədə yazdıqlarına səthi baxışdan görmək olar ki, uydurmaları müqəddəs kitablardakı səhnələrin primitiv erməniləşdirilməsidir. Roma Papasından daha xristian obrazında təqdimatı sevən ermənilərin müqəddəs Qüds şəhərinə iddialarına dair xeyli ciddi tarixi mənbə mövcuddur. Bu gün ehtiyac olanda bu tarixi küdurəti “erməni soyqırımı” – Holokost müstəvisinə daşımaq cəhdləri də həmin milli zəmindəki paxıllıqdan irəli gəlir.
Müasir antisemitizm hərəkatından danışarkən ən çox ultrasağ, ultrasol və müsəlman ekstremist cərəyanlardan bəhs olunur. Ancaq nədənsə yəhudilərə nifrətin ənənəvi mənbələrindən biri olan xristian antisemitizmi barədə az danışılır. Məşhur tarixçi Robert Vistrix bu axını “ən uzunmüddətli nifrət” kimi qiymətləndirir. Müasir zəmanəmizdə xristian antisemitizmin ən qatı və parlaq təzahürü erməni kilsəsidir. Ekspertlərin fikrincə, katolik kilsəsində həyata keçirilmiş miqyaslı islahatlardan sonra xristian antisemitizminin kökü kəsilməsə də, gərginlik xeyli azalıb. Ancaq bu qənaətə özünü ən qədimlərdən biri hesab edən erməni kilsəsi barədə gəlmək çətindir. 2018-ci ilə “Pew” mərkəzinin apardığı araşdırmaların nəticələri göstərib ki, erməni respondentlərin 32%-i yəhudilərlə bir ölkədə yaşamaq istəmirlər. Antidiffamasiya liqasının “Global 100” araşdırmasına görə, ermənilərin əksəriyyəti antisemit stereotiplərin “düzgün olduğu” qənaətindədirlər. Erməni apostol kilsəsinin Ermənistana və sıravi ermənilərə təsiri və təzyiqi ölçüyəgəlməzdir. Ermənistanda kilsə milli statusa malikdir. Baxmayaraq ki, “Vicdan azadlığı və dini təşkilatlar haqqında” qanun dövlətlə kilsəni bir-birindən ayırır. Şərqi pravoslav kilsələri, ələlxüsus erməni apostol kilsəsinin dini ayinlərinin mətnlərində bu günün özündə də antisemit ifadə və fikirlər qalmaqdadır.
Ermənilərin tarixlərini bir neçə min il “qocaltmaları” onların yəhudilərlə ədavətlərini labüd edir, çünki ortaya adi rəqabət çıxır. Bu qədim mübahisənin ilk olaraq din meydanında baş verməsi monopoliyanın erməni apostol kilsəsinin nəzarətinə keçməsinin başlıca səbəbidir. Ancaq Ermənistanda kilsənin tək dini deyil, həm də siyasi institut rolunda çıxış etməsi mübarizənin milli və geosiyasi platformaya transformasiyasına şərait yaradıb. XIX əsrin sonlarından etibarən, xüsusilə Osmanlı ərazisində baş qaldırmış separatizm fonunda bu qarşıdurmaya daha bir təzahür əlavə olunub: erməni terrorizmi.
Osmanlı hüdudlarında yəhudilərin ermənilər tərəfindən qanlı terrora məruz qalmalarına dair xeyli mənbə var. İmperiyada ermənilər ticarət və sənətkarlıqda yəhudilərlə rəqabət apardıqlarından xristian aləmi tərəfindən mütəmadi istifadə ediliblər. 1545-ci ildə Amasyada erməni uşağın “yoxa çıxması”nı yəhudilərin üstünə atırlar (uşaq bir neçə gündən sonra tapılır). Bir neçə yəhudi edam olunur, digərləri isə Amasya və Tokatı tərk edirlər, yerlərini ermənilər tutur. Osmanlı məmuru və bank işçisi İehezkelem Qabbay xəzinə oğrusu və erməni maliyyəçilərinin lideri Katsats Aretuna qarşı mübarizə aparır və nəticədə 1826-cı ildə göndərilmiş killerlər tərəfindən öldürülür. Bundan öncə, Osmanlı sarayına sirayət etmiş ermənilər Qabayın sürgününə nail olurlar. Bizans imperiyasında hakimiyyətə yaxın olan ermənilər yəhudilərə divan tutublar.
Məsələn, imperator İrakli (610-642) yəhudilərə evlərindən kənarda ibadəti qadağan edib. I Vasiliy Makedoniyalı (866-886) dövründə ermənilərin səyləri nəticəsində 1000-dək yəhudi icması dağıdılıb. III Lev (717-741) yəhudiləri məcburən xristianlaşdırıb. Ərəb tarixçisi Məsudinin yazdığına görə, imperator Armanusun dövründə yəhudilər Bizansı tərk edib Xəzər xaqanlığına pənah aparıblar. Rusiya imperiyasında yəhudi qırğınları ən çox erməni kansler Loris-Melikovun (1881) diktaturası dövrünə təsadüf edir. Təbrizdə 4 min nəfərədək yəhudinin qətli ermənilərin aravuranlığı səbəbindən baş verib.
İsrailin Vaşinqtonda səfiri olmuş Leni Ben Davidin yazdığına görə, I Dünya müharibəsi zamanı yalnız erməni qatilləri tərəfindən 10 min nəfərədək yəhudi öldürülüb. Şərqi Anadoluda törədilmiş erməni vəhşilikləri nəticəsində minlərlə yəhudi İstanbula qaçıb. Qubada daşnakların törətdikləri yəhudi qırğınları. II Dünya müharibəsi illərində faşist Qaregin Njdenin rəhbərlik etdiyi dəstələrin yəhudiləri qətl etmək üzrə ixtisaslaşmaları. Yaxın Şərqdəki terrorçu qruplarda erməni təlimatçıların söz yiyəsi olmaları… 1972-ci ildə Münhen olimpiadasında İsrail yığması üzvlərinin qətlini həyata keçirən terrorçuların arasında əvvəl Fələstinin Azadlığı Xalq Cəbhəsinin sıralarında ad çıxarmış Akop Akopyan da olub. 1980-ci ildə o, ASALA-nın başına keçib. Belə misallar yüzlərlədir. Odur ki, maraqlıdır: yəhudiləri qətlə yetirənlərin nəvələri hansı üzlə özlərini Holokost qurbanlarının nəvələri ilə müqayisə edirlər?