• C. Noy 22nd, 2024

Ermənistan Azərbaycan və Türkiyənin qatılmadığı toplantılardan faydalana bilməz – RƏY + FOTO

ByYenigun.news

Mar 30, 2024

Ermənistan Azərbaycan və Türkiyənin qatılmadığı toplantılardan faydalana bilməz. Bu ölkə regionda sülh və sabitliyi təmin etmək əvəzinə, davam edən təxribatları ilə regionda öz müqəddəratını bitirəcək vəziyyətdədir.

Bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Ermənistanın baş nazirinin aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi, Avropa Komissiyasının sədri ilə keçirəcəyi üçtərəfli görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa və ABŞ Sovet İttifaqının dağılmasından sonra Ermənistanı regionda maraqlarını reallaşdırmaq üçün hədəf seçib:

“Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdilər və sonrakı 30 ildə problemin həll olunmaması üçün hər cür səy göstərildi. Xüsusilə Fransa ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu halda, beynəlxalq hüquq normalarına, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazi bütövlüyünün pozulmasına, uzun müddət işğal altında qalmasına göz yummaqla öz mandatına uyğun fəaliyyət göstərmədi. Azərbaycan BMT-nin qətnamələrini özü təmin etməklə torpaqlarını Ermənistanın işğalından azad etdi. Ancaq bununla Ermənistandan istifadə edərək bölgədə öz maraqlarını reallaşdırmaq istəyən ölkələrin, xüsusilə Fransa və ABŞ-nin səylərinin davam etdiyini görürük”.

G.Alpar bildirib ki, hazırda sülh, ilk növbədə, regionda iqtisadiyyatı getdikcə daha da pisləşən, özünü məhv etmək ərəfəsində olan Ermənistana daha çox lazımdır:

“Ermənistan daxilində sülh istəyənlə, öz ölkələrini xilas etməyə çalışanlar olsa da, Fransa, ABŞ administrasiyası və xaricdə maddi vəziyyəti yaxşı olan erməni diasporu bu fakta əhəmiyyət vermir. Onlar üçün vacib olan regionda qarışıqlıq, ziddiyyət, çaxnaşmanın davam etməsidir. Onlar bu yolla bölgəyə müdaxilə edib mövcudluqlarını gücləndirməyə çalışırlar. Bu fitnəkar addımların isə regiona, xüsusilə Ermənistana çox zərəri var”.

 

Türkiyəli ekspert qeyd edib ki, Azərbaycanın və Türkiyənin iştirakı olmadan Cənubi Qafqaz regionunda istənilən təşəbbüsün nəticəsi uğurlu olmayacaq:

“Ermənistan region ölkəsi kimi, Azərbaycan və Türkiyənin iştirakı olmadan bu cür toplantıya qatılmaqla heç bir fayda əldə etməyəcək. Uğurlu nəticə gözləmək sadəcə sadəlövhlükdür. Bunlar ABŞ, Fransa kimi ölkələrin məntiqsiz, bədxah və vaxt itirən görüşləridir. Hətta Fransanın “Le Figaro” qəzeti də açıq şəkildə qeyd edib ki, “Fransa Prezidenti Emmanuel Makron Qarabağ müharibəsi zamanı və sonra ABŞ və Vatikan da daxil olmaqla bütün Qərb ölkələrindən Ermənistana dəstək istədi, lakin heç bir ölkə kömək etmədi”. Bu, Fransanın nə qədər uğursuz fəaliyyətlə məşğul olduğunu göstərir. Lakin o, lazımsız yerə həm özünü, həm də erməniləri sürükləməyə məhkum edir”.

Mərkəz rəhbəri vurğulayıb ki, Ermənistan sülh və təhlükəsizliyin təminindən ən çox faydalanan ölkə olacağını anlamalıdır:

“Əks halda, ABŞ və Fransa kimi regiondankənar ölkələrin məsləhəti ilə münaqişələri davam etdirməklə birtərəfli danışıqlarla indiyədək heç bir müsbət nəticə olmadığı kimi, gələcəkdə də bu cür toplantıların region üçün faydasız olacağı şübhəsizdir. Real addımlar atılmadığı təqdirdə bu toplantıdan da Ermənistan heç bir müsbət nəticə əldə etməyəcək, yenə də möhtac vəziyyətdə qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir