“Məlumdur ki, bu gün Ermənistan yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içindədir və ölkədə hərc-mərclik davam edir. Eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır. Ermənistan Bəyanatın müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimsə zəmanət verə bilməz”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev REALTV.AZ-a müsahibəsində deyib.
“Cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə fikirlərini açıqlayarkən vurğulayır ki, Ermənistan tərəfi yeni reallıqlarla barışmalı və bizimlə hesablaşmalıdır. Sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından Ermənistan da bəhrələnə bilər”, – Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Artıq dünya birliyi də Azərbaycanın qələbəsini regionda sülhün möhkəmləndirilməsi istiqamətində önəmli töhfə kimi qiymətləndirir:
“Hesab edirəm ki, Ermənistan bu cəhdlərini nə qədər çox davam etdirərsə, hazırda düşdüyü acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək.
Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi, məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. Biz şahidi olduq ki, 30 ilə yaxın dövrdə BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər nüfuzlu beynəlxalq təşkilatların qərarları icra olunmadı. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu parlaq qələbə ilə ədaləti bərpa etdi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakim rolunu oynayır”.