“Ermənistanın Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən erməniəsilli şəxslərə “qaçqın” statusu vermək niyyəti, şübhəsiz ki, rəsmi İrəvanın növbəti dəfə real faktları təhrif etmək və bundan öz mənafeyi, həmçinin regiondankənar qüvvələrin maraqları naminə yararlanmaq cəhdidir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. O qeyd edib ki, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən şəxslərə “qaçqın” statusunun verilməsi Qaçqınların statusuna dair Cenevrə Konvensiyası və digər beynəlxalq hüquqi norma və prinsipləri ilə ziddiyyət təşkil edir:
“Hüquqi nöqteyi-nəzərdən, yalnız müharibə, təbii fəlakət və digər fövqəladə hallar səbəbindən daimi yaşadıqları ölkəni tərk etmiş şəxslər qaçqın hesab olunurlar.
Qaçqınların statusuna dair BMT-nin 1951-ci il Cenevrə Konvensiyasına və onun xüsusi Protokoluna əsasən, irqi, dini, milli və digər sosial mənsubiyyətlərinə görə təqib olunmaqdan əsaslı qorxuya düşən, yaxud siyasi baxışlarına görə təqib olunan şəxslər, yaşadıqları ölkənin himayəsindən məhrum olduqları və ya təzyiqlərə məruz qalacaqlarını sübuta yetirə bildikləri halda qaçqın hesab olunurlar.
Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən erməniəsilli sakinlər isə məlum olduğu kimi, heç bir təzyiq və təqibə məruz qalmayıblar. Əksinə, onların arasında uzun illər boyu azərbaycanlılara qarşı çoxsaylı ağır cinayətlər törədən, qanunsuz silahlı birləşmələrdə təmsil olunan, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, konstitusion dövlət quruluşuna qarşı silahlı qiyam qaldıran, silahlı separatizmi, terrorizmi dəstəkləyən və himayə edən şəxslər olmasına baxmayaraq, dövlətimiz humanizm prinsiplərini əsas götürüb. Yalnız sözügedən cinayətlərin əsas təşkilatçılarının məsuliyyətə cəlb olunması istiqamətində qərarlar qəbul edilib, müvafiq addımlar atılıb. Azərbaycan dövləti ölkə ərazisində yaşayan erməniəsilli şəxslərə Konstitusiyamızın verdiyi bütün hüquqlardan istifadə etməyə, cəmiyyətimizə reinteqrasiya olunmağa çağırışlar edib. Bu istiqamətdə erməniəsilli sakinlərin təmsilçilərinə müvafiq yol xəritəsi təqdim olunub”.
Azər Kərimli xatırladıb ki, bütün addımlarla yanaşı, erməniəsilli sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sosial problemlərinin həlli istiqamətində də Azərbaycan tərəfindən addımlar atılıb:
“Ölkə ərazilərini könüllü tərk edən ermənilərin təhlükəsizliyi tamamilə təmin edilib. Hətta antiterror əməliyyatlarından dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycan ərazilərində yaşayan ermənilər üçün hər hansı bir təhlükənin olmadığını bildirmişdi. Daha sonra Azərbaycanın Qarabağ iqtisadi zonasına, ermənilərin yaşadıqları ərazilərimizə səfər edən BMT missiyasının təmsilçiləri də erməni sakinlərin hüquqlarının qorunması və sosial probemlərinin həlli ilə bağlı zəruri addımların atıldığını, onlara qarşı hər hansı bir təzyiqin olmadığını bəyan etmişdilər”.
Aysel Aslan