• C. Noy 22nd, 2024

Ermənistan yeni Ukrayna, yoxsa Qafqazın Suriyası olacaq? – FOTO

ByYenigun.news

Mar 31, 2024

Aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken, NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbərli Ursula Fon der Lyaenlə gözlənilən görüşü tək bu ölkənin deyil, bütövlükdə bölgənin firavan gələcəyi üçün ciddi təhlükədir. Artıq region dövlətlərinin səsləndirdikləri xəbərdarlıq və narahatlıq rəsmi İrəvanın bu addımının hansı fəsadlara səbəb ola biləcəyinin göstəricisidir. Bu görüş faktiki olaraq iştirakçıların Ermənistanın təhlükəsizliyinə təminat vermələrini əks etdirən hərbi-siyasi paktdır. ABŞ siyasi, NATO hərbi, Avropa İttifaqı isə iqtisadi təminatları üzərlərinə götürməklə, Ermənistan vasitəsilə yeni regional arxitekturanın cızılmasına start verirlər. İri miqyasda bu, Rusiya və İranın maraqlarına, sırf bölgə daxilində isə Azərbaycanın təhlükəsizliyinə qarşı atılan addımdır.  

“Kaspi” qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

İkinci anti-Rusiya cəbhəsi

İrəvanın qaba geosiyasi addımına geniş anlamda baxsaq, bu, Qərbin Ermənistandan istifadə etməklə Rusiyaya qarşı ikinci cəbhəni açması deməkdir. NATO-nun bu region dövlətlərindən birinin təhlükəsizliyinə təminat verənlərin siyahısında olması özü-özlüyündə Cənubi Qafqaz üçün tam yeni və fərqli təzahürdür. Gürcüstan illərdir Qərbin əsas hərbi-siyasi bloku ilə kifayət qədər dərin kooperasiyadadır, ancaq NATO heç vaxt ondan istifadə etməklə belə riskli kampaniyanın iştirakçısı olmayıb. Öz növbəsində, Gürcüstan da bu təhlükəli siyasətin real acılarını dadaraq Rusiyaya qarşı aksiyalarını zəiflətməyə məcbur olub. Gürcü xalqının qatı Qərb tərəfdarı olan Mixeil Saakaşvilini seçki yolu ilə hakimiyyətdən kənarlaşdırması məhz bunun göstəricisidir. İndi Paşinyan hakimiyyətinin bölgəyə ənənəvi oyunçuların etirazına rəğmən yad geosiyasi ünsürləri gətirməsi Gürcüstan nümunəsində olduğu kimi, tək Ermənistanın dövlətçiliyinə təhlükə deyil, hətta daha geniş anlamda regional kollapsa gedən yolun başlanğıcıdır. 

Yeni Ukrayna?

Bu addımın Rusiyanın Ukraynadakı hərbi kampaniyası fonunda atılması bir sıra ehtimallara yol açır. Əgər Qərb Ermənistanı ayaq altına alıb Rusiyanın cənubundan yeni cəbhə açırsa, deməli, ABŞ-də və Avropada Moskvanın Ukrayna bataqlığında ilişib zəiflədiyini düşünürlər ki, bu qədər riskli əməliyyata start verirlər. NATO-nun Ermənistana gəlməsi Rusiyanın buradakı hərbi mövcudluğunu şübhə altına alır. Ermənistan artıq rus sərhədçilərinin illərlə cavabdeh olduqları İrəvan aeroportunu tərk etməsi tələbini qoyub və xəbərlərə görə, bu ilin avqustundan etibarən hava limanında sərhəd-keçid prosedurunu özü həyata keçirəcək. Bunun ardınca aydındır ki, növbə İran və Türkiyə ilə sərhəddə duran rus hərbçilərinə çatacaq. Sonda isə Ermənistandakı hərbi bazaya. Artıq Moskvada bu reallığın dərk edilməsinin əlamətləri büruzə verilir. Məsələn, xarici kəşfiyyat və hərbi dairələrə yaxınlığı ilə seçilən, illərdir ermənipərəst platformadan çıxış edən ekspert Modest Kolerov hətta Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılma əməliyyatının baş vermiş reallıq olduğunu deyir. Kolerova görə, Gümrüdəki hərbi baza da Ermənistanda son aylarını yaşayır. İki əsrlik rus hərbi qalasının NATO tərəfindən ələ keçirilməsini Moskvada necə həzm edəcəklər? Ukraynanın cəzalandırılması məhz belə addımlar, Fransa, Britaniya və Almaniya ilə hərbi paktın imzalanmasına görə baş vermədimi?

 

…yoxsa Qafqazın Suriyası?

İranla sərhəddə ABŞ-nin hərbi-siyasi istehkamının bərqərar olması Tehranı hansı addımları atmağa məcbur edəcək? Güman ki, qarşıdakı aylar ərzində bu sualların cavabını praktiki formada görməli olacağıq. Qərbin İŞİD kimi hərbi-terrorçu alət vasitəsilə Suriyada hakimiyyəti dəyişmək cəhdinin baş tutmamasında İranın oynadığı rolu nəzərə alsaq, bu cavabın nədən ibarət olduğunun konturlarını təsəvvür edə bilərik. İranın Ermənistanda da təzyiq rıçaqları az deyil. 

Rəsmi İrəvanın bu addımı son üç ildə Azərbaycanın regional oyunçuları dəfələrlə xəbərdar etməkdə haqlı olduğunu göstərir. Bu gün 44 günlük müharibənin nəticələrini uzun müddət həzm edə bilməyən İranın Ermənistanın təhlükəsizliyini üzərinə götürmək cəhdinin geosiyasi iflasa səbəb olduğu aydın görünür. Tehranın tez-tez təkrarladığı “qırmızı xətt”i gözlədiyi kimi Azərbaycan deyil, başına sığal çəkdiyi Ermənistan pozur. Azərbaycanın tarixi torpaqlarından keçməklə Naxçıvana yol tələb etməsi idi “qırmızı xətt”in tapdanması, yoxsa bu gün NATO casuslarının İran sərhəddinə toplaşmaları? Anons edilmiş 5 aprel görüşü rəsmi Tehranın son üç ildəki gözləntilərinin üzərindən xətt çəkmiş olur. İndi üzə çıxır ki, Ermənistanın hətta “3+3” formatındakı təmasları belə vaxtı uzatmaq əməliyyatı idi. Ermənilərin bu buqələmunluğuna iki əsrdən çoxdur bizdən yaxşı bələd olan tapılarmı? 

İrəvan üçün revanşizm ümidləri

Ermənistan növbəti dəfə sahibini dəyişməyə hazırlaşır. Əgər ictimai rəydə Paşinyan hökumətinin Qərbə doğru sərt reveransına qarşı ciddi müqavimət izlənilmirsə, deməli, bu regional geosiyasi çevriliş cəhdi tək hakimiyyətin kaprizi deyil, həm də erməni cəmiyyətinin istəyidir. Bu, əslində erməni xalqının tarixi xüsusiyyətidir – özünə himayədar axtarmaq. Rəsmi İrəvan nümayəndələrinin son üç ildə səsləndirdikləri bəyanatlar istisnasız olaraq yeni haminin axtarışına yönəlib. Əgər bir ölkənin Təhlükəsizlik Şurasının rəhbəri müsahibələrində dəfələrlə “Rusiya bizim təhlükəsizliyimizi təmin edə bilmir, deməli, biz səhv siyasət yürütmüşük, gözləntilərimiz doğrulmadı” deyirsə və əhali tərəfindən ictimai qınağa məruz qalmırsa, deməli, bu siyasət faktiki olaraq sosial sifarişdir. Ermənistanın baş naziri dünya liderləri ilə görüşlərində çəkdirdiyi şəkillərdə belə sanki bu mesajı verir: əvvəl Vladimir Putinin, sonra Emmanuel Makronun qaldırdıqları çətirin altına girməsi dövlət başçısının ölkəsinin və xalqının təhlükəsizliyinə “ənənəvi yolla” təminat axtardığını göstərir.

Erməni xalqının növbəti dəfə sahib dəyişmək cəhdi tək daha yaxşı və təhlükəsiz həyat üçün deyil, həm də böhrandan çıxdıqdan sonra qonşulara qarşı ərazi iddialarına dəstək qazanmaq niyyətidir. Erməni cəmiyyəti bu virusa əsrlər boyu yoluxub və ondan belə tezliklə qurtulacağını gözləmək sadəlövhlük olardı. Ermənistanın ictimai rəyində 2016-cı ilin aprel döyüşlərindən bu yana məruz qaldıqları aşağılayıcı məğlubiyyətə və onsuz da formalaşmamış dövlətçiliyi itirmək qorxusuna rəğmən yenə də revanşizm əlamətlərinin baş qaldırması bu qənaətimizi sübut edən amillərdən biridir. Odur ki, Paşinyan hakimiyyətinin Qərbə tərəf dönüşü tək müdafiə deyil, həm də zamanı gəldikdə hücum etmək hesablarına söykənir. Məğlub Ermənistan üçün revanşizm ümidlərini əvvəl Fransa verdi: yekun sülh müqaviləsinin qarşısını almaqla. Parisin İrəvana birtərəfli siyasi dəstəyi sonradan hərbi konturlar almağa başladı. İndi isə NATO-nun bu missiya altına girməsi faktiki olaraq qonşu ölkənin torpaqlarını 30 il ərzində işğalda saxlayan ölkənin hərbi müqavimətinin artırılmasına təkandır. Ermənistan yenə də tarixi rolunu və funksiyasını icra edir. Erməni xalqı özünə dövləti də bu yolla əldə edib, ona məxsus olmayan torpaqların işğalına da belə nail olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir