• C. Noy 22nd, 2024

Ermənistanı parçalayan dörd kənd – “Kaspi”nin TƏHLİLİ + FOTO

ByYenigun.news

Mar 31, 2024

İşğal altında olan dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında münasibətlərin normallaşmasında irəliyə doğru addım sayıla bilər. Bu isə Qərbi, xüsusən də Cənubi Qafqazda gərginlik ocağı yaratmağa çalışan Fransanı ciddi şəkildə narahat edir. 

Artıq iki həftədir ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanatı ilə bağlı müzakirələrlə çalxalanır. Baş nazirin bu açıqlaması müxalifətin yenidən canlanmasına səbəb olub. Təsadüfi deyil ki, Nikolun Tavuş bölgəsinin yerli sakinləri ilə görüşündən sonra erməni müxalifəti, Qarabağ separatçılarının tör-töküntüləri və kilsə yenidən birləşib. Tərəflər erməni siyasi elitasını Ermənistan ərazisini Azərbaycana “bağışlamaq”da ittiham edir və növbəti hədəfin Zəngəzur və İrəvan olacağı ilə bağlı sərsəm fikirlərlə cəmiyyəti dövlətə qarşı qaldırırlar. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycanın haqlı tələbi

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin erməni həmkarı Mher Qriqoryanla bu ilin martında keçirdiyi görüşdən sonra rəsmi Bakı işğal edilmiş dörd eksklav olmayan kəndin mübahisəsiz və dərhal azad edilməsini tələb edib. Eyni zamanda, Prezident İlham Əliyev də məsələ ilə bağlı sərt mövqeyini ortaya qoyub. Erməni hökuməti bu tələbi yerinə yetirməkdən başqa çarəsi olmadığını həm baş nazir, həm də digər siyasi xadimləri vasitəsilə üstüörtülü şəkildə cəmiyyətə aşılayır. Hakim “Mülki müqavilə”nin deputatları və siyasətçiləri hərəkətə keçərək, baş nazirin açıqlamasını dəstəkləyən fikirlər irəli sürürlər.

Paşinyan müharibə ilə qorxudur

Kəndlərin geri qaytarılması ilə bağlı söhbət mediaya sızdıqdan sonra baş nazir Tavuş bölgəsinə səfər edərək, sakinlərlə görüş keçirib. Maraqlıdır ki, görüş zamanı çəkilişin aparılmasına icazə verilməyib və sakinlərə salona mobil telefonla daxil olmaq qadağan edilib. Bununla da Paşinyan oradakı söhbətlərin səsyazı və video formasında kənara sızmasının qarşısını alıb. Ehtimal edilir ki, görüş zamanı o, sakinlərə sözgüdən kəndlərin əzəli Azərbaycan ərazisi olduğunu bildirib və yaxın zamanlarda boşaldılmasının vacibliyindən danışıb. Eyni zamanda, klassik müharibə yalanını rəhbər tutan hökumət başçısı qeyd edib ki, kəndlər tez zamanda geri qaytarılmasa, müharibə başlaya bilər. Bu müharibədən məğlub çıxmış erməni cəmiyyəti üçün əməlli-başlı siqnal sayılır. Hakimiyyətyönlü medianın məlumatına görə, hazırda Ermənistanın 3-cü ordu korpusunun sözügedən kəndlərdən çıxarılması məsələsi müzakirə edilir. Bu isə mümkün hərbi toqquşmanın qarşısını almaq üçün nəzərdə tutulub. Çünki son günlər erməni müxalifətinin, xüsusən də rusiyayönümlü qanadın müxtəlif simaları orduya müraciət edərək, heç bir halda ərazini tərk etməməyə, silahlı qarşıdurmaya hazır olmağa səsləyir.

İqtidarın açıqlamaları

Bununla belə, Ermənistan iqtidarının müxtəlif simaları tez-tez açıqlama verərək, erməni cəmiyyətini düzgün yönləndirmək, sözügedən kəndlərin Azərbaycan ərazisi olduğu fikrini aşılamağa başlayıblar. Məsələn, Tavuş qubernatoru Ayk Qalumyan bildirib ki, onların rayonunda Azərbaycana aid kəndlər var. “Hraparak” qəzeti isə dörd kəndin geri qaytarılmasının Ermənistan üçün problem yaratmayacağı fikrini ortaya atıb. Erməni deputat Ovik Ağazaryan qeyd edib ki, Tavuşda Azərbaycan Sovet Respublikasına məxsus yaşayış məntəqələri var və onlar geri qaytarılmalıdır, bu, təslim etmək demək deyil.

Müxalifətin yersiz tezisləri

İstənilən qarışıqlıqda hökumətə qarşı cəbhə alan erməni müxalifəti üçün də dörd kənd mövzusu “göydəndüşmə” olub. Müxtəlif tezislər ortaya atılıb. İddialara görə, sözügedən kəndlərin geri qaytarılması Ermənistanı İran və Gürcüstanla birləşdirən magistral yola nəzarətin Azərbaycana keçməsi deməkdir və bu da ölkə üçün ciddi itki sayılır. Digər bir tezis isə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan tərəfindən səsləndirilib. O qeyd edib ki, kəndlərin qaytarılması Lori rayonu üçün təhlükədir və ərazidə Azərbaycan Ordusunun yerləşməsi bu rayonun bəzi kəndlərinin də əldən çıxması ilə nəticələnə bilər. Eyni zamanda, İcevan-Berd avtomobil yolunu da artıq unutmaq lazım gələcək.
Kilsə aktivləşərək, baş naziri ölkəni satmaqda, “qədim erməni əraziləri”ni peşkəş verməkdə ittiham edib. 

Qərbin “barmağı”

Təbii ki, dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında münasibətlərin normallaşmasında irəliyə doğru addım sayıla bilər. Bu isə Qərbi, xüsusən də Cənubi Qafqazda gərginlik ocağı yaratmağa çalışan Fransanı ciddi şəkildə narahat edir. Təsadüfi deyil ki, İrəvanın Nor Nork inzibati rayon polis idarəsinə əl qumbarası ilə hücum da 25 mart tarixinə təsadüf edib və bir sıra erməni siyasətçilər məsələnin Qərb xüsusi xidmət orqanları tərəfindən törədildiyinə və bunun baş nazirə açıq-aşkar mesaj olduğuna işarə ediblər. Görünür, Bakı ilə İrəvanın yaxınlaşmasının Qərbə sərf etmədiyini artıq erməni siyasətçiləri də dərk edirlər.

Qeyd etmək yerinə düşər ki, davamlı sülhün əldə edilməsi üçün sərhədlər müəyyənləşdirilməlidir. Bunun üçün isə işğal altında qalan kəndlərin geri qaytarılması sərhədlərin delimitasiyası istiqamətində əməli addım sayıla bilər. O da mümkündür ki, Paşinyan dörd kəndin Azərbaycan ərazisi olduğunu deməklə sadəcə vaxt uzadır. Çünki bənzər ritorikalar əvvəllər də müşahidə edilib. Amma istisna edilmir ki, artıq baş nazir həqiqəti anlayıb və Azərbaycanın haqlı tələbi ilə kəndlərin qaytarılmasının çox vacib olduğunu bilir. Bunun üçün isə həm müxalifəti, həm də havadarlarını bu prosesə hazırlayır. Hadisələrin gedişatı isə Paşinyanın oyun oynayıb-oynamadığını sübut edəcək. Oyun olacağı təqdirdə isə Azərbaycanın hansı addımı atacağı gün kimi aydındır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir