• Bz. Noy 24th, 2024

Ermənistanın Aİ xülyası: Paşinyanın erməniləri aldatmaq üçün yeni yalanı – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 6, 2024


Ermənistan parlamentinin sədri Alen Simonyan iddialı açıqlama ilə çıxış edib və deyib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd olmağa hazırdır. Spiker söyləyib ki, rəsmi İrəvan bununla təhlükəsizliyini təmin edəcək.

Onun bu açıqlaması Ermənistanın xarici siyasətdə vektoru dəyişmək planı kimi dəyərləndirilə bilər. Baş nazir Nikol Paşinyan hakimiyyətinin Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduqlarını elan etmələri Ermənistandakı vəziyyətə xaricdən verilən növbəti qiymətləndirmənin, daha dəqiqi təhrifedici tərifin nəticəsidir. Elə A.Simonyanın fikirləri də bunu təsdiqləyir: “Hərəkətlərimiz göstərir ki, biz artıq Avropa İttifaqının üzvü olan bir çox tərəfdaş ölkələrdən daha yaxşı demokratiyaya malikik. Bunu biz demirik, Aİ tərəfdaşlarımız bildirir”.

Bu il fevralın ortalarında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel söyləmişdi ki, Brüssel və İrəvan ikitərəfli əməkdaşlığın “iddialı” genişləndirilməsi üzərində əməkdaşlığa başlamaq qərarına gəliblər. Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə bu ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində münasibətləri dərinləşdirmək niyyətindədir.

N.Paşinyan hökuməti də belə açıqlamalara inanaraq ölkələrini Aİ üzvlüyünə layiq sayır. Ancaq reallıq və qaydalar J.Borrel, A.Simonyan və onlarla eyni mövqedə olanların dediklərini inkar edir. Düzdür, Ermənistanda Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan kimi Avropa İttifaqının Şərq Tərəfdaşlıq proqramının üzvüdür. Ancaq bu həmin ölkələrin quruma namizədliyi və üzvlüyü üçün baryerləri aradan qaldırmır.

İndi əsas sual odur ki, Ermənistan Aİ-yə üzv olmaq bir tərəfə, quruma qoşulmaq üçün namizəd olmağa layiqdirmi? İrəvan şərtlərə cavab verirmi?

Təşkilata üzv olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. Ermənistan isə coğrafi bölgüyə əsasən, Asiya qitəsinə aiddir. Avroasiya materikinin iki qitə arasında sərhədi belədir: Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası da var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcı ərazisi. Ermənistan bu iki bölgü daxilində yoxdur.

Prosedurlara görə, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Təsdiq üçün ölkə aşağıdakı meyarlara cavab verməlidir:

– azadlıq, demokratiya, insan hüquqlarına, əsas azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət etməlidir;

– müdafiə təminatı verən təsisatların sabitliyi;

– funksional bazar iqtisadiyyatının mövcudluğu, habelə Avropa İttifaqı daxilində rəqabət təzyiqləri və bazar qiymətlərinin öhdəsindən gəlmək imkanı;

– ittifaqın siyasi, iqtisadi və pul-kredit məqsədlərinə sadiqlik daxil olmaqla, üzvlük öhdəliklərini qəbul etmək bacarığı və s.

Demokratiyanın əsas göstəricilərindən sayılan, söz və mətbuat azadlığı Ermənistanda ardıcıl şəkildə pozulur. KİV haqqında yeni qanuna görə, ictimai xadimləri təhqir etməkdə günahlandırılan media nümayəndələri 12 600 dollar, yaxud ölkə jurnalistlərinin 30 aylıq əmək haqqı məbləğində cərimə olunacaqlar.

N.Paşinyanın jurnalistləri “qatillər”, ölkəsinin media məkanını isə “zibillik” adlandırması da rəsmi İrəvanın azad mediaya münasibətinin göstəricisi sayıla bilər. Belə yüksək məbləğdə cərimə və N.Paşinyanın açıqlaması ölkədə jurnalistlərə hücumların artacağını göstərir və buna münbit şərait yaradır.

Yerli təhlilçilər bildirib ki, hakimiyyətin zəif və təsir etmək imkanları məhdud olduğu üçün media və başqa demokratik institutların fəaliyyətinə qadağalar qoya bilmir. Bu da xaricdə Ermənistanda demokratiyanın olduğu təəssüratı və görüntüsü yaradır.

İrəvanın Aİ-nin üzvlüyünə namizəd statusu almasını qeyri-mümkün edən başqa amillər də var. Məsələn, Ermənistan dövlət sərhədlərini mühafizə etməyə qadir deyil. Bundan başqa, Aİ-yə üzv, yaxud namizəd ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur. Ancaq A.Simonyanın ölkəsinin sərhədlərini Rusiya hərbçiləri qoruyur, orada rusların 102 saylı hərbi bazası var. Ermənistanın müstəqil iqtisadiyyatı mövcud deyil. Ölkə bu sahədə tamamilə Moskvadan asılı vəziyyətdədir.

Regional şərait də İrəvanın Aİ-nin üzvlüyə namizəd olmasına imkan vermir. Ermənistanın yeni şəraitə uyğun konstitusiyası yoxdur. Mövcud əsas qanun isə qonşu dövlətlərə qarşı ərazi iddiasını özündə ehtiva edir. Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Habelə N.Paşinyan hökumətinin demokratik olduğunu iddia edənlər 300 minlik qərbi azərbaycanlının öz doğma yurdlarından zorla qovulmalarına münasibət bildirmirlər, bunu görməzdən gəlirlər. Bununla da qərbi azərbaycanlıların insan hüquqlarına hörmətsizlik edirlər. Bütün bunlar onlara qarşı diskriminasiyanın Avropa İttifaqının rəhbərliyi səviyyəsində müdafiəsi anlamına gəlir. Ancaq bu reallıq Aİ-nin nüfuzuna, demokratikliyinə zərbə vurur.

Rəsmi İrəvan Moskva ilə münasibətlərinə hələ də tam aydınlıq gətirməyib. Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında fəaliyyəti dondurmaq və İrəvanın “Zvartnos” hava imanında xidmət edən rusiyalı hərbçilərin oradan çıxarılmasını tələb etmək hələ Ermənistanın Rusiyanın təsir dairəsindən çıxması demək deyil.

Rəsmi İrəvan Avropa İttifaqına üzvlüyə namizədliyə hazır olduğunu iddia etməklə ölkə vətəndaşlarına yalan məlumat verir. Bununla da guya Ermənistanı “Köhnə qitə”nin ən nüfuzlu təşkilatına üzv edəcəyi vədini verməklə cəmiyyətdə reytinqini saxlamağa çalışır. Aİ-dəki Borrellər də Simonyanlara saxtakarcasına dəstək verirlər. Ancaq reallıqlar, şərtlər, qaydalar rəsmi İrəvanın bu qurumun adını tutmasına, “A”sını belə dilə gətirməsinə imkan vermir.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir