• Bz. Noy 24th, 2024

Ermənistanın KTMT planı – Paşinyan təşkilatı çökdürməkdə israrlıdır – ŞƏRH + FOTO

ByYenigun.news

Mar 27, 2024

Ermənistanın baş naziri Nikol Paşinyan qalmaqallı və ziddiyyətli açıqlamaları ilə hər kəsi təəccübləndirməkdə və heyrətləndirməkdə davam edir. O, hər dəfə də qarışıq və ziddiyyətlərlə dolu açıqlamalar verir. Məsələn, gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaqlarını deyir, gah da hələ qəti qərar vermədiklərini söyləyir. Hökumət başçısının Yunanıstanın “Kathimerini” nəşrinə verdiyi son müsahibəsi də ziddiyyətli fikirlərlə doludur. O, KTMT-ni ittiham etməkdən tutmuş, ölkəsinin təhlükəsizliyi, Türkiyə ilə münasibətlərin qurulması, “sülh kəsişməsi” təşəbbüsü və s. məsələlərə toxunub. Bu müsahibəni də birbaşa Kremlə ünvanlanmış hədələrin davamı saymaq olar.

Beləliklə, baş nazir Rusiya ilə münasibətlərdə gərginlik mövzusu olan KTMT məsələsinə daha çox diqqət ayırıb, təşkilatda fəaliyyətlərini dondurduqlarını və ötən ildən İrəvanın qurumda xüsusi nümayəndəsinin olmadığını vurğulayıb. “KTMT-nin yüksək səviyyədə keçirilən tədbirlərinə qatılmırıq. Onun qərarlarını boykot etmirik”, – o diqqətə çatdırıb. Ardınca növbəti dəfə KTMT-nin Ermənistanın təhlükəsizliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. N.Paşinyan bununla da, 2021-2022-ci illər ərzində Azərbaycanla şərti sərhəddə yaşanan gərginliyə işarə edib. İrəvan ümid edirdi ki, təxribatlar törətməklə KTMT-nin prosesə müdaxiləsinə nail olacaq. Beləliklə, baş nazir təşkilatla bağlı Ermənistanın mövqeyini bir daha təsdiqləyib.

N.Paşinyan və komandasının anti-KTMT fəaliyyətinin tək bir məqsədi var: onun işini iflic etmək. Hətta Rusiyanın nüfuzlu ekspertləri belə təsdiqləyirlər ki, İrəvanın fəaliyyətsizliyi KTMT üçün müəyyən problemlər yaradır. Baş nazir belə problemlərin olduğunu inkar etməyə çalışsa da, həqiqət başqadır. Məsələn, hərbi politoloq Aleksandr Perenciyev Rusiya mediasında müsahibəsində vurğulayıb ki, əgər İrəvan təşkilatda fəaliyyətini bloklayırsa, bu, istənilən halda onun hərtərəfli fəaliyyətinə maneə yaradır: “Üzv ölkələrin üzərinə düşən öhdəliklər var və onu da mütləq mənada yerinə yetirməlidir. Nikol Paşinyan KTMT-nin sammitlərini boykot edib, üzv ölkələrdən birinin qəbul edilən sənədlərdə imzası yoxdur. Bu da onun legitimliyini şübhə altına salır. Paşinyan nə qədər təkzib etməyə çalışsa da, bu fakt qurumun fəaliyyətinin bloklanması deməkdir. İrəvanın öz ərazisində hərbi təlimlərdən imtinası da KTMT-nin boykot edilməsini təsdiqləyən ən mühüm faktdır”.

Rusiya mediasında yer alan xəbərlərə görə, N.Paşinyan və komandası etiraf etməsə də, İrəvanda KTMT-ni daxildən dağıtmaq planı işə düşüb. Şübhəsiz ki, plan Qərbdə hazırlanıb və təsdiqlənib. Rusiya sərhədçilərinin Ermənistanın “Zvartnots” aeroportundan çıxarılması da bu planın tərkib hissəsidir. “Dondurulmuş üzv” – Ermənistanın KTMT ilə gərginliyi belə qiymətləndirilib.

Maraqlıdır ki, Ermənistan KTMT Parlament Assambleyasının “Crocus City Hall”dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb. Bunu ölkənin qanunverici orqanının sədri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan deyib. O, Ermənistanın təşkilatda iştirakının dondurulması səbəbindən bəyanata qoşulmadıqlarını deyib. N.Qulyan vurğulayıb ki, üzvlükdən imtina yalnız KTMT faktoru ilə bağlıdır: “Parlamentin spikeri öz “Telegram” kanalında başsağlığı verib, spiker müavini isə Cenevrədəki çıxışında terror aktını pisləyib”. Bu da onu deməyə əsas verir ki, Ermənistan KTMT ilə bağlı mövqeyini artıq qətiləşdirib.

Ermənistan baş naziri müsahibəsində toxunduğu digər məsələ də birbaşa Rusiya ilə bağlıdır. O. Kremlin diqqətinə açıq şəkildə çatdırıb ki, hədə və təzyiqlərə baxmayaraq istənilən ölkə ilə əməkdaşlığı davam etdirəcək. “Bizim bu əməkdaşlığımız hər hansı bir ölkəyə qarşı yönəlməyib. Müdafiə imkanlarının möhkəmləndirilməsi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə yönəlib” – hökumət başçısı vurğulayıb. Bununla da, bir daha təsdiq edib ki, Fransa və ABŞ ilə əməkdaşlığı davam etdirəcək.

O ki qaldı Türkiyə ilə münasibətlərin normallaşmasına, A.Paşinyan Ankaranı artıq regional aktor kimi qəbul etdiklərini etiraf edib. Lakin əlavə edib ki, Türkiyə bunun üçün regionda müxtəlif məsələlərə münasibətdə balanslaşdırılmış siyasət yeritməlidir.

Baş nazir müsahibəsində “Sülh kəsişməsi” ideyasına da toxunub: “Şərq-Qərb qanadı da var və bu Xəzər dənizi ilə Aralıq dənizini, eləcə də, Qara dənizin türk limanlarını Ermənistan ərazisindən keçməklə birləşdirə bilər. Bunun üçün dəmir və avtomobil yolları, bor kəmərləri, elektrik xətlərinin olması, Azərbaycandan Türkiyəyə çəkilən kabellərin Ermənistan ərazisindən keçməsi zəruridir. Biz bu qərarlara hazırıq”. O əlavə edib ki, regionun infrastrukturunun açılmasına önəm verir.

N.Paşinyan müsahibəsində yeni bir şey söyləməsə də, daha çox diqqəti regional əməkdaşlığa yönəltməsi, bunu xüsusi qabartması bir qədər şübhə doğurur. O, qərbdən aldığı xüsusi tapşırıqları yerinə yetirir, yoxsa həqiqətən də səmimidir? Hökumət başçısının müsahibəsində əsas hədəfin Rusiya olduğu şəksizdir. Elə ölkəsinin təhlükəsizliyi və ərazi bütövlüyünün qorumasının prioritet olduğunu vurğulaması da bundan xəbər verir. Şimal qonşumuz da bunu gözəl başa düşür. Rəsmi Bakı bir neçə dəfə bəyan edib ki, Ermənistan ərazisinə hücum etmək fikrində deyil və bununla bağlı yayılan xəbərlər erməni tərəfinin dezinformasiyasıdır. Bu da onu deməyə əsas verir ki, İrəvan sırf Rusiyadan gələ biləcək təhlükəni başa düşərək belə açıqlamalar verir.

O ki qaldı N.Paşinyanın kommunikasiyaların açılması ilə bağlı söylədiklərinə, erməni tərəfi bu məsələdə səmimi deyil. Buna da əsasları var. Əgər İrəvan səmimi olsaydı, 44 günlük müharibədən sonra bu yöndə konkret addımlar atardı. N.Paşinyan hələ ki, ancaq bəyanat və müsahibələr zamanı buna toxunur. Hər halda Ermənistan regional əməkdaşlıqda maraqlı olsaydı, onun bərpası istiqamətində addımlar atardı. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi sadəcə prosesləri uzadır. N.Paşinyanın fikirləri də səmimiyyətdən uzaqdır.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir