Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Klubun rəisi polkovnik Füzuli Musayev, Milli Məclisin deputatı Vüqar İskəndərov, FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və İdman-sağlamlıq klubunun əməkdaşları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə qanlı 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev 20 Yanvar faciəsindən danışaraq qeyd edib ki, xalqımızın yaddaşından heç zaman silinməyəcək qanlı Yanvar hadisələri həm də Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Bu qanlı hadisələr nəticəsində Sovet imperiyasının idarəçiləri Azərbaycanda özünün mənfur xislətini göstərərək bütün mənəvi və ictimai dayaqlarını itirdi. Baş vermiş hadisədən sonra Azərbaycan xalqı ruhdan düşmədi, əksinə, daha da mətinləşdi, dünya azərbaycanlıları təşkilatlanma mərhələsinə qədəm qoydu.
F.Musayev qeyd edib ki, bu faciəyə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verilib, faciə ilə bağlı həqiqətlər üzə çıxarılıb.
Daha sonra anım tədbirində Milli Məclisin deputatı Vüqar İskəndərov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayev, İdman-sağlamlıq klubunun hüquqşünası Həmdiyyə Məmmədov çıxış edərək 20 Yanvar hadisələrində baş verənlərin eyni zamanda xalqımızın azadlıq uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazıldığını, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin heç zaman unudulmayacağını və onların əziz xatirələrinin xalqımızın yaddaşında əbədi qalacağını vurğulayıblar.
Qeyd olunub ki, Dahi Rəhbər Heydər Əliyev siyasi kursunun müdrik davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atılıb və bu məsələ dövlət başçısının daim diqqət mərkəzindədir.