• Ca. Okt 31st, 2024

Fransa soyqırımı aktlarına görə üzr istəməli və məsuliyyətini etiraf etməlidir – “Kaspi”nin ŞƏRHİ – FOTO

ByYenigun.news

Mar 11, 2023

Fransa bəşər tarixinə qəddar müstəmləkəçi dövlət kimi düşüb. Son vaxtlar Paris rəsmiləri bu ləkəni üzərlərindən silməyə çalışsalar da, heç nəyə nail ola bilmirlər. Prezident Emmanuel Makron da bu günlərdə beş günlük Afrika turu zamanı nə qədər səy göstərsə də, heç nəyə nail ola bilməyib. Son vaxtlar Makron ölkəsinin Afrikanın problemlərinə yeni yanaşma nümayiş etdirəcəyi ilə bağlı vədlər verir. O, Fransanın Afrika ölkələrinin daxili işlərinə qarışmamaq siyasəti yürüdəcəyini deyir. Amma müşahidəçilər hesab edirlər ki, Makronun “Fransa Afrikası” dövrünün başa çatdığı barədə son açıqlamaları ilk baxışdan maraqlı olsa da, mahiyyət etibarilə Parisin siyasətində ciddi dəyişikliklərdən xəbər vermir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Əslində Makronun turnesinin əsas hədəflərindən biri Afrikada itirilən mövqelərin bərpası olub. Belə ki, son vaxtlar Çin, Türkiyə, Rusiya və s. dövlətlər Fransanı sürətlə qitədən sıxışdırmağa başlayıblar. Afrika artıq Fransanın geosiyasi təsir və təzyiq məkanı sayıla bilməz. 2000-ci illərdən Fransa biznesinin qitədəki mövqeləri də durmadan zəifləyir. Səfər ərəfəsində prezident Makron Afrikadakı rəqibləri ilə silahlanma yarışına girməyi və ya yerli bazarlara nəzarət uğrunda mübarizəni ağlabatan hesab etmədiyini iddia etsə də, onun turu ekspertlər tərəfindən təsir uğrunda mübarizə kimi qiymətləndirilib.

“Afrika olmasaydı, Fransa üçüncü dünya ölkələri səviyyəsinə düşərdi” deyən keçmiş prezident Jak Şiraka oxşamağa çalışan Makron beş gün ərzində Afrikanın dörd paytaxtına – Librevil (Qabon), Luanda (Anqola), Brazzavil (Konqo Respublikası) və Kinşasaya (Konqo Demokratik Respublikası) səfər edib. Afrikanı xarici siyasətində prioritet elan edən Makron 2017-ci ildən bəri Afrika ölkələrinə 18 səfər edib. Keçən iyulda o, Kamerun, Benin və Qvineya-Bisauda, avqustda isə Əlcəzairdə olub.

Fransa Afrika ilə bağlı siyasətini dəyişir?

“Fransa Afrika ilə bağlı siyasətini dəyişir” açıqlaması verən Makronu böyük əksəriyyət səmimi saymır. Ondan əvvəlki prezidentlər – Nikola Sarkozi və Fransua Ollandın da dilindən analoji bəyanatlar səslənib, vədlər verilib. Lakin heç birinin real təsiri görünməyib. Elə Makronun beş il əvvəl Afrikada olarkən “ölkəsinin Afrikanın daxili işlərinə qarışmayacağı” barədə nitqini də çoxları unutmayıb. Lakin paralel olaraq Fransanın Afrikanın Sahel bölgəsində (Mali, Çad, Burkina-Faso, Mavritaniya və Niger) başladığı “Barxan” (“Opération Barkhane”) əməliyyatı davam etdirilib. Bu əməliyyat yalnız ötən ilin noyabrında başa çatıb. Həmin əməliyyatdan sonra Fransanın 5 min hərbçisi bölgədən çıxarılıb. İndi də Makron “hərbi bazaların fəaliyyətində tam yeni taktika”dan bəhs edir. Amma Fransa bu hərbi bazaları bağlamaq və ya onların fəaliyyətlərini minimuma endirmək niyyətində deyil. Sadəcə, bəzi bazaların adları “hərbi akademiya” olacaq, bəziləri isə yenə də kağız üzərində “yerli hərbçilərlə birgə idarəetmə sistemi”nə keçiriləcəkdir.

90 min eksponat aparıblar, cəmi 26-nı qaytarıblar

Makron son zamanlar tez-tez “köklü humanitar dəyişikliklər”dən də bəhs edir. Lakin onun bu vədlərinin də boş söz yığnağı olduğunu afrikalılar da gözəl anlayırlar. Məsələn, o, Fransanın əsrlər boyu Afrikanı qarət edərək daşıdığı tarix və mədəniyyət incilərinin geri qaytarılacağı, sahiblərinə veriləcəyi barədə vədlər verməkdədir. O, turne boyu da afrikalıları əmin etməyə çalışıb ki, Fransa parlamentində bununla bağlı müvafiq qanun layihəsi təsdiqlənəcək. Lakin Fransadakı muzeylərin Afrikadan aparılmış, sayı təqribən 90 min olan eksponatı asanlıqla qaytaracaqlarını düşünmək sadəlövhlük olardı. Paris 2021-ci ildə Beninə cəmi 26 eksponat verməklə “ciddi proses getdiyini” göstərib.

“Fransa sizə “yaxşılıq etmək” məcburiyyətində deyil” 

Öz növbəsində Afrika ölkələri Fransanı öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edirlər. Parislə münaqişəyə səbəb olan hərbi çevrilişlərdən sonra keçmiş Fransa koloniyaları olan Mali və Burkina-Fasoda anti-fransız əhval-ruhiyyəsi yüksəlir. Makronun Konqo səfəri isə əməllicə fiasko olub. Prezident Feliks Çisekedinin Makrona Fransanın 1994-cü il soyqırımında iştirakını xatırlatmağından sonra mübahisə yaşanıb. F.Çisekedi Fransanın Konqoda təhlükəsizliyin bərpasına necə kömək edəcəyini soruşub. Diplomatik cavab əvəzinə E.Makron jurnalistlərin gözü qarşısında həmkarı ilə mübahisə etməyə başlayıb və Fransaya aid edilə biləcək məsuliyyəti rədd etdiyini söyləyib. “Mən həqiqətin tərəfdarıyam. Amma bütün yükü öz üzərimə götürməkdən imtina edirəm. Fransa sizə “yaxşılıq etmək” məcburiyyətində deyil, bu, sizin vəzifənizdir”, – deyə E.Makron bildirib. 

Çıxış yolu Fransanın Afrika xalqlarından üzr istəməsi ola bilər 

Növbəti qalmaqalı isə Burkina-Fasoda yaşanıb. Prezident Makron ilə Burkina-Faso və qitənin bir sıra digər ölkələrinin hakim dairələri arasında münasibətlər, xüsusən də 2020-2022-ci illərdə baş verən bir sıra hərbi çevrilişlərdən sonra pisləşib. Nəticədə ötən il Fransa qoşunları Mərkəzi Afrika Respublikası və Malidən çıxarılıb. Bu ilin fevralında 2009-cu ildən orada yerləşən fransalı hərbçilər Burkina-Fasonu da tərk ediblər. Bunun ardınca ölkənin yeni hakimiyyət orqanları Fransa ilə 1961-ci ilin aprelində imzalanmış hərbi əməkdaşlıq haqqında sazişi denonsasiya ediblər.

Beləliklə, Fransa nə qədər səy göstərsə də, Afrikada əvvəlki mövqelərini bərpa edə bilmir. Yeganə çıxış yolu Fransa dövlətinin etdiyi haqsızlıqlara, soyqırımlarına görə Afrika xalqlardan üzr istəməsi ola bilər. Özü də Fransa tək Afrikada deyil, Cənub-Şərqi Asiya və digər ərazilərdə törətdikləri qanlı müstəmləkə cinayətlərinə, soyqırımı aktlarına görə də üzr istəməli və məsuliyyətini etiraf etməlidir. Amma hələ ki, biz bunun işartılarını görmürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir