Fransanın “Coordination des Associations et des Particuliers pour la Liberté de Conscience” (“CAP Freedom of Conscience” – CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə CAP-LC-nin “Avropa Hüquq və Ədalət mərkəzinin” Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.
Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.
“Bütövlükdə vəziyyət sabitdir. Mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar reallığa uyğun gəlmir. Bu gün Qarabağın mülki əhalisinə qarşı birbaşa təhlükə yoxdur”, – N.Paşinyanın bunu sentyabrda dediyi xatırladılıb.
Öz növbəsində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Bilan deyib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir insident və ya kobud rəftar halları qeydə alınmayıb.
CAP-LC-nin bəyanatında qeyd olunub ki, Azərbaycan hakimiyyəti Qarabağda qalmaq istəyən ermənilər üçün təhlükəsizlik zəmanətlərini elan edib və geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib:
“Veb-portalda (http://reintegration.gov.az) bir neçə dildə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri haqqında məlumatlar var”.
Müəlliflərin qənaətinə görə, obyektiv təhlil onu göstərir ki, insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması və “etnik təmizləmə” ilə bağlı iddialar əsassızdır.
Qeyd edilib ki, “Avropa Hüquq və Ədalət Mərkəzi” Rusiyanın üzvlüyünə xitam verilməsinə dair əsaslarla Azərbaycanın Avropa Şurasına üzvlüyünün dayandırılmasını tələb edən petisiyaya başlayıb. CAP-LC isə bu tələbin ədalətsiz və əsassız olmasına dair sübutlar göstərir.
“Rusiyanın Ukraynaya hücumundan fərqli olaraq, Azərbaycan öz ərazisində və beynəlxalq hüquq normalarına uyğun hərəkət edib. Əməliyyat bir gündən az davam edib. Vizual məlumatlar Qarabağda yüzlərlə ağır texnikanın, artilleriya və hava hücumundan müdafiə sistemlərinin, milyonlarla döyüş sursatının və onlarla möhkəmləndirilmiş bölgələrin olmasını təsdiqləyib. Eyni zamanda, bölgəyə iki dəfə səfər edən BMT missiyası heç bir mülki infrastrukturun dağılmadığını bildirib. Belə ki, əməliyyatın hədəfi yalnız qeyri-qanuni silahlı birləşmələrin hərbi infrastrukturu olub”, – CAP-LC təşkilatının nümayəndələri bildiriblər.
Xatırladaq ki, BMT-də məşvərətçi statusu olan “Cap Freedom of Conscience” 1995-ci ildə yaradılıb. Avropanın bu qeyri-hökumət təşkilatı din və inanc azadlığı hüququnun qorunması ilə məşğuldur. Təşkilat ayrı-seçkiliyin bütün formaları ilə mübarizə aparır, bu barədə Avropanın, eləcə də digər beynəlxalq qurumlara məlumat verir.