“Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında danışıqlar, təmaslar davam edir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
“Cənab nazir, biz bu danışıqların və təmasların davamı olaraq, sizi Parisə dəvət edirik”, – deyə Kolonna bildirib.
Ketrin Kolonna Azərbaycanda Şəhidlər xiyabanını ziyarət edib və Fransanın Azərbaycanın yaşadığı ağrı-acısını gözəl başa düşdüyünü vurğulayıb.
Azərbaycanla Ermənistan arasındakı münasibətlərə gəlincə, nazir qeyd edib ki, hər iki ölkənin sülh üçün şansı var.
“Biz Azərbaycanın sülh danışıqları üçün səylərini dəstəkləyirik. Lakin biz bilirik ki, danışıqlar çətindir. Regionda sülh yalnız danışıqlar yolu ilə mümkündür. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımalıdır. Biz geriyə getməli deyilik və prosesi irəliyə aparmalıyıq”, – deyə xanım nazir bildirib.
Ketrin Kolonna qeyd edib ki, Fransa vasitəçilik səylərini dəstəkləyir.
“Biz vasitəçilik səylərini bütün formatlarda dəstəkləyəcəyik. Sülhə doğru getmək o deməkdir ki, gücdən istifadə edilməsin, mən bu çağırışı həm Azərbaycana, həm də Ermənistana edirəm. Biz, bəli, Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasını pisləyən bəyanat yaymışıq. Hesab edirik ki, danışıqlar yolu ilə sülh mümkündür”, – deyə Ketrin Kolonna bildirib.
Daha çox foto burada: PhotoStock.az
Aqşin Kərimov