• Ca. Noy 28th, 2024

Fransalı politoloq: “Polis Azərbaycan səfirliyinin mühafizəsini daim təmin etməlidir”

ByYenigun.news

Sen 20, 2022

Azərbaycanın Londondakı səfirliyinə hücumdan, təxminən, 1 ay sonra oxşar hadisə Parisdə də baş verib. Azərbaycanın Fransadakı səfirliyinə hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil. Belə ki, bir neçə gün əvvəl aqressiv erməni qrupu Azərbaycanın Livanın paytaxtı Beyrutdakı səfirliyinə hücum etməyə cəhd göstərib.

Fransalı tarixçi və politoloq Maksim Quen “Report”a açıqlamasında bildirib ki, diplomatik obyektlərə hücum erməni millətçiləri, xüsusən də Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) üçün yenilik deyil. Bunun bariz nümunəsi kimi, 1985-ci il martın 12-də erməni terrorçularının Ottavadakı Türkiyə səfirliyinə hücumunu göstərmək olar. Bu, Ottavadakı türkiyəli diplomatik heyətə erməni terrorçularının sayca üçüncü hücumu idi.

Məsələn, 1982-ci ilin aprelində səfirliyin ticarət müşaviri Kani Güngör öz qarajında güllələnməsi onun iflic olması ilə nəticələnib. Bu terror aktını “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) öz üzərinə götürmüşdü. Dörd ay sonra, yəni 1982-ci ilin avqustunda hərbi attaşe polkovnik Atilla Altikat işə gedərkən güllələnərək öldürülüb. Bunun məsuliyyətini isə qondarma “Erməni soyqırımına ədalət döyüşçüləri” təşkilatı öz üzərinə götürüb.

Bu dəfə isə Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Yayımlanan videolarda səfirlik əməkdaşının erməni radikal qruplaşmasının üzvlərinə qarşı təkbaşına müqavimət göstərməyə çalışdığı görünür. Belə bir sual yaranır: Fransa hökuməti niyə diplomatik nümayəndəliyin tam təhlükəsizliyini təmin etməyib? Yeri gəlmişkən, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib ki, Fransa diplomatik korpusun binasının və işçilərin lazımi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əsaslandırılmış tələblərinə məhəl qoymayıb.

Politoloq Maksim Quen isə hesab edir ki, Fransa tərəfi bu vəziyyətin təhlükəli olmasını qiymətləndirməyib: “Əslində, bu hadisə səfirliyin tam mühafizəsini təmin etmək üçün bir səbəb olmalıdır”.

Onun sözlərinə görə, əgər kimsə ABŞ və ya İsrail səfirliyinə oxşar hücum həyata keçirməyə cəhd edərdisə, hücum edənlərə qarşı dərhal atəş açılardı. Bəs diplomatik nümayəndəliklərin mühafizəsi məsələsi beynəlxalq hüquqda necə əks olunub? 1961-ci il Diplomatik Fəaliyyət Haqqında Vyana Konvensiyasının 12-ci maddəsində deyilir ki, diplomatik nümayəndəliyin binaları toxunulmazdır. Bundan başqa, diplomatik nümayəndəliyin yerləşdiyi dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər.

Üstəlik, Diplomatik Fəaliyyət Haqqında Vyana Konvensiyasında qeyd olunur ki, yerləşmə dövləti xüsusi vəzifə daşıyır. O, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zərərdən qorumaq üçün lazımi tədbirlər görməlidir. Amma Fransa bunu etməməyə qərar verib.

Yeri gəlmişkən, M.Quen vurğulayıb ki, Paris polisi Azərbaycan səfirliyinin daimi mühafizəsini təmin etməli və birbaşa diplomatik nümayəndəliyin qarşısında nümayişlərin keçirilməsini qadağan etməlidir: “Erməni və ya kürd millətçiləri Türkiyə səfirliyi yaxınlığında nümayiş keçirmək istəyən zaman bunu giriş qapısının qarşısında deyil, yüzlərlə metr aralıda etməyə məcbur olurlar. Orada hər zaman çox sayda polis olur ki, onlar “qırmızı xətti” keçməsinlər. Azərbaycan səfirliyi qarşısında da oxşar tədbirlər görülməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir