• Bz. Noy 3rd, 2024

Fransanı gələcəkdə nə gözləyir?

ByYenigun.news

Mar 17, 2023


Son zamanlar Parisi bürüyən iğtişaşlar, sosial tələblər, diskriminasiya elementləri Fransa ictimaiyyətində narahatlıq yaradır. İctimai asayişi zor gücünə qoruyan rəsmi Paris hökuməti isə getdikcə nüfuzunu itirməklə problemlər məngənəsindən qurtulmağa çalışır. Miqrasiya və inteqrasiya proseslərinin getdikcə artması Fransada fransızı barmaqla göstərmək həddinə çatacağı anı artıq gerçəyə çevirməkdədir. Əgər futbol üzrə Fransa millisində iki-üç fransıza rast gəlinirsə, gələcəkdə bu göstəricinin sıfıra enməsi gözlənilir. 

Əslində Fransada nə baş verir? Bu suala “Fransada nə baş vermir?”, – deyə cavab da axtarmaq olar.    

Vaxtilə Qafqazda, ümumiyyətlə Şərqdə zadəgan ailələrində fransızca danışmaq adət halını almışdı və bu kübarlıq əlamətlərindən biri sayılırdı.  Fransızca ünsiyyət bu ölkənin mədəniyyətini, dilini, ədəbiyyatını və adət-ənənələrini yaxından öyrənmək üçün bir vasitə idi. Avropanın mərkəzi sayılan Paris isə bütün dövrlərdə imkanlı ailələrin səyahət etdikləri şəhər olub. Mən bu ecazkar şəhəri ilk dəfə 1993-cü ildə görmüşəm. Almaniyadan dostlarla Fransanın paytaxtı Parisə gəldik, səfərimizin məqsədi yenicə Avropaya səs salan Alim Qasımovun konsertində iştirak etmək, sənətkarın səsini eşitmək idi. İlk gəldiyimiz məkan Şanzelize oldu. Oradan Deya-vu konsert salonunun yaxınlığındakı hotelə yollandıq. Musiqiçi dostlarla görüşüb təəssüratlarımızı bölüşməyə də vaxt tapdıq.  

Hamımız həyəcan içində idik. Alim Qasımovun musiqi çələngi gətirdiyi Azərbaycandan narahatlıq dolu xəbərlər yayılmışdı. Populyar “Le Fiqaro” qəzetində Gəncə hadisələri barədə dərc olunan yazı narahatlığımızı daha da artırırdı. Axşam Alim Qasımovun konserti möhtəşəm keçdi. Həmin gün konsertdən aldığım müsbət enerjini indi də xoş hisslərlə xatırlayıram. İki gün gəzdiyim Paris şəhəri əcnəbilər və zibilli küçələrlə yaddaşımda qaldı.  

Parisdən fərqli olaraq ilk fransızla Bakıda tanış oldum. İri cüssəli sarışın Dagana Fransa neft şirkətini təmsil edirdi. Sonralar qaz sektorunda çalışan təcrübəli mühəndis Robert Klayn, digər layihələrlə bağlı Bakıya gələn Luk Bekkerlə yaxından tanışlığım onların əslən Elzas və Lotaringiyadan olmaları ilə də bağlı idi. Həm də onların almanlara bir köynək yaxın olmaları hətta sonralar dostluğumuza səbəb oldu. Məşhur fransız müğənni Mire Matyenin “Baharın 17-ci anı” bədii filmində oxuduğu “No, I dont regret anything” mahnısı günahsız alman və fransız uşaqlarının müharibə qurbanlarına çevrilməsinə kəskin bir etiraz kimi səslənir. Azadlıq, sülh çağırışını səsləndirən  dünyaşöhrətli müğənninin səsi yəqin elə bu gün də öz məcrasından çıxmış dünyada eşidilməkdədir.

Daha bir marselli fransızla tanışlığım təxminən 7 il öncəyə təsadüf edir. Fransanın böyük bir şirkətinin təmsilçisi Alan Korponel Yeni Kaledoniyadan 40 saatdan çox uçaraq Bakıya gəlməsi məni təəccübləndirdi. Yeni Kaledoniyanın Sakit okeanda adada yerləşməsinin Fransaya nə aidiyyəti olması sualına Alan ətraflı cavab verdi. Anladım ki, Fransa hələ də müstəmləkə siyasətindən əl çəkməyib. Yeni Kaledoniya xalqının müstəqillik istəyinə məhəl qoymayan Fransa hökuməti neokolonolizm siyasətini davam etdirməkdədir. 

1989-cu ilin avqust-sentyabr ayında Tunisə səfərim zamanı paytaxtın mərkəzi küçəsinin Atatürkün adını daşımasını gördükdə qürur hissi keçirdim. Mərkəzdə bazar girəcəyinin önündə yerləşən Fransa səfirliyində ucalan bayraq sanki bazar mənzərəsinə bürünmüşdü. Bazarda, əsasən, ərəb və fransızca danışan yerli əhali ilə fransızlar arasında ünsiyyət məyusedici idi. Qəribə də olsa, iyirmi il sonra Tunisdə başlayan “Narıncı üsyan” Afrika və Şərq ölkələrində bir domino effekti yaratdı. Sanki, bir çox ölkələr növbəti dəfə Fransa siyasətinin qurbanı olmaqla stereotipi dağıdaraq müqəddəratlarını həll etməyə doğru növbəti addım atdılar. 

Fransanı məsafədə saxlayan əsasən Afrika ölkələri onların zamanında törətdikləri vəhşiliklərə həm də növbəti etiraz çağırışı etdilər. Fransanın demokratiya çətiri altında Birləşmiş Millətlər Təşkilatının beş üzvündən birinə çevrilməsi nə dərəcədə ədalətlidir? Bu ədaləti Əlcəzairdəki  günahsız insanların məzarlığında tapmaq olarmı?

Əslində dünya beşdən böyük olub yerlərində sayan bəzi beşlik üzvlərinin Çində uyğurlara divan tutmasına, Krımın işğalına, İraqın, Suriyanın xarabazara çevrilməsinə yönəlik siyasətləri yetərlidir ki, Təhlükəsizlik Şurası yeni üzvlərlə Ədalət Şurası adlansın. Sonda yorulmuş ictimaiyyət adından Vatikanda yerləşən katolik kilsəsinin rəhbəri XVI Benediktdən xalqların azad və xoşbəxt yaşamasına sehirli pəncərəsindən çağırış etməsini də rica edək.  

Təəssüf ki, Şarl de Qoll, Mitteran və Jak Şirak siyasətini davam etdirə bilməyən siyasətçilər müasir dönəmdə sevgililəri ilə yadda qalmaqdadırlar. Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda Afrikaya səfəri zamanı  təpkilərlə qarşılandığını gördükdə  vəziyyətdən çıxmaq üçün “Fransanın Afrika epoxası sona çatdı” demək məcburiyyətində qaldı. 

Haşiyə çıxaraq bildirim ki, Sarkozinin prezidentliyi dövründə verdiyi müsahibədə Fransada multikulturalizm iflasa uğrayıb deməklə, dolayısı ilə miqrant axınının qarşısını almağa çalışırdı. Əslində bu sözlərdə bir həqiqət də var. Afrikanın təbii sərvətini sovurandan sonra Fransanın atdığı bu addım onun miqrant axınının qarşısını almağa həm də bir işarədir. Əlbəttə, bu proseslərdə həm Çinin, həm də Rusiyanın Afrikadakı iqtisadi maraqları Fransanın kölgədə qalmasına səbəb oldu. 

Yəqin bu səbəbdəndir ki, bu gün Fransa bölgədəki strateji layihələrdən kənarda  qalan Ermənistana dayılıq etmək fikrindədir. Aldanmış erməni xalqı son zamanlar böyük dövlətlərin hiyləsindən qurtulmaq siyasətinə üstünlük verdikləri üçün fransızlar da pat vəziyyətinə düşməkdədirlər. Hə, bir də fransızlar ermənilərə belə can yandırmaq istəyirlərsə, Marsel miqrant şəhərində və ya ermənilərin daha sıx yaşadıqları Bordoda onlara muxtar ərazi ayırmaqla nümunə göstərsinlər… Biz də deyək, afərin sənə, Paris! Yoxsa xoruzlarını qoltuqlarına almaq onlarda adət halını alacaq. 

Yaxşı olardı, fransızlar öz ölkələrində keçirdikləri etiraz mitinqlərində daxili sosial problemlərini gündəmə gətirib həllinə cəhd göstərsinlər. Yoxsa “Müsyo Jordan və dərviş Məstəli şah”da yaxşı tanıdığımız məşhur dərviş yenə Parisi “partlada” bilər və nəticədə Makron da sevimli müəlliməsindən ayrı düşər… 

Çingiz Abdullayev, Kulturologiya elmləri doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir