• C. Noy 29th, 2024

Fransanın riyakar və qərəzli siyasəti: Makronun yarıtmazlığı səngimək bilmir – “Kaspi”nin TƏHLİLİ – FOTO

ByYenigun.news

Apr 6, 2024

Fransa prezidentinin Ukraynada gedən müharibə ilə bağlı söylədikləri dünyanı bir-birinə vurub. Onun NATO qoşunlarının Kiyevə yeridilməsi barədə bəyanatı qurum daxilində problemlərə yol açıb. Rusiya isə öz növbəsində Makronu hədələyir və tarixi xatırladır.

“Kaspi” qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.

Fransa Emmanuel Makronun idarəçiliyinin fəsadlarını yaşayır. Xarici və daxili siyasətdə uğursuzluqlar davam edir. Ölkədaxili gərginlik o həddə çatıb ki, əksər siyasi qüvvələr hakimiyyəti yarıtmaz siyasət yürütməkdə günahlandırır, etirazlar artır. İndi isə Avropa Makronun Ukraynaya dair “yeni planları” ilə çalxalanır. 

“Makron Napoleonun aqibətini unutmasın!”

Fransa prezidentinin Ukraynada gedən müharibə ilə bağlı söylədikləri dünyanı bir-birinə vurub. Onun NATO qoşunlarının Kiyevə yeridilməsi barədə bəyanatı qurum daxilində problemlərə yol açıb. Rusiya isə öz növbəsində Makronu hədələyir və tarixi xatırladır. “Fransa prezidentinə xatırlatmaq lazımdır ki, Napoleonun süqutu Rusiyaya hücumdan sonra başlayıb”, – deyə rusiyalı senator Aleksey Puşkov deyib. O, Fransa prezidentinə tarix dərsi də keçib: “Emmanuel Makronun bundan xəbəri var? Yoxsa onun üçün tarix Yelisey sarayına gəlişi ilə başladı? Ona xatırlatmaq lazımdır: Napoleonun süqutu onun 530-550 min nəfərlik ordusunun 1812-ci ildə Rusiyaya daxil olması ilə başladı. Sonra Napoleonun demək olar ki, bütün ordusu məhv edildi. Sahillərində düşmənin ağır itki verdiyi Berezina çayının adı isə fransız dilində tam bir fəlakətin təcəssümü olaraq təşəkkül tapdı”. 

Ekspertlər hesab edirlər ki, Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya qoşun göndərilməsi ehtimalından danışan Makron hakimiyyəti əlində saxlamaq istədiyi üçün belə açıqlama verib. 

Yeri gəlmişkən, Makronun Ukraynaya getməyə hazır olan hərbi kontingentin yaradılmasının mümkünlüyü ilə bağlı açıqlamaları Qərbdə qızğın müzakirələrə səbəb olub. Onun bu ideyasının Polşa və Baltikyanı ölkələr tərəfindən dəstəkləndiyi, bəzi ölkələr, xüsusən də Almaniya tərəfindən bəyənilmədiyi qeyd edilir. Makron vurğulayır ki, Rusiya Fransanın rəqibidir və əgər Putin Ukraynaya qarşı müharibədə uğur qazanarsa, “fransızların həyatı dəyişəcək. Avropada artıq təhlükəsizlik olmayacaq”. Bundan əlavə, Fransa prezidenti vəziyyətin pisləşəcəyi təqdirdə Ukraynaya kömək etmək üçün Aİ-nin yeni təşəbbüslərini irəli sürür. Makron qeyd edir ki, döyüş meydanındakı vəziyyət tələb edərsə, Avropa əlavə tədbirlər görməyə hazır olacaq.

Paris Ukraynaya köhnəlmiş silahlar verəcək

Bu bəyanatların ardından Paris Kiyevə yeni hərbi yardım paketini açıqlayıb. Yeni yardım paketi çərçivəsində Ukraynaya hava hücumundan müdafiə üçün yüzlərlə zirehli texnika və “Aster” raketləri təhvil veriləcək. “Le Monde” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib. Onun sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə hələ də yaxşı vəziyyətdə olan köhnə zirehli texnikaları da təhvil verəcək.

S.Lekornu onu da bildirib ki, Fransa Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etmək istəyir, ona görə də İtaliya tərəfindən əvvəllər transfer edilmiş SAMP/T hava hücumundan müdafiə sistemi üçün 30 “Aster” zenit-raket kompleksinin yeni partiyasını hazırlayır. Bununla belə, hərbi ekspertlər Ukraynaya verilməsi nəzərdə tutulan yüzlərlə hərbi texnikanın 1970-ci illərin istehsalı olduğu, real döyüş şəraitində heç bir nəticə verməyəcəyi qənaətindədirlər.  

Makronu “uşaq kral” adlandırdı

Ölkənin keçmiş müdafiə naziri və Normandiya Regional Şurasının hazırkı prezidenti Herve Morin “Le Point”a müsahibəsində Makronu tənqid edib. “Bunlar uşaq kralın hakimiyyətə gələndən bəri müntəzəm olaraq etdiyi təxribatlardır! Bu mövzunun dövlət və hökumət başçıları arasında konfidensial diplomatik müzakirələrdə ortaya çıxması təbiidir. Ukraynalılar bizim hər şeydən əvvəl etibarlı müttəfiq olmağımızı istəyirlər. Hərbi dəstək baxımından biz çox orta səviyyədəyik: həcm baxımından Litva və Estoniyadan geriyik, ÜDM-in faizinə görə isə Avropa ölkələri arasında sonuncu yerdəyik. Prezident özünü böyük sövdələşmələrin müəllifi kimi göstərməkdənsə, Ukraynanı özünü müdafiə etmək üçün lazım olan hərbi texnika ilə təmin etməlidir”, – deyə Morin bildirib.

Almaniya Fransa liderliyinə qarşı 

Fransanın hədəfinə çatmaq uğrunda mübarizəsinə qarşı çıxan əsas dövlət əzəli və tarixi rəqibi Almaniyadır. Berlin Parisin radikal təşəbbüslərindən razı deyil. Avropanı vahid siyasi qüvvəyə çevirmək barədə Fransanın təkliflərinə əvvəllər məhəl qoymayan Berlin indi fərqli düşünür. Çünki iqtisadi və siyasi vəziyyət indi dəyişib və almanlar artıq Makronun ambisiyalarına alət olmaq istəmirlər. 
Beləliklə, Beşinci Respublikanın Makronun yarıtmazlığı nəticəsində uğursuzluqları səngimək bilmir. Məhz onun hakimiyyəti illəri Fransanın müasir tarixinə biabırçı illər kimi düşəcək. Çıxış yolu Fransanın riyakar, qərəzli və birtərəfli siyasətindən əl çəkməsidir. Əks təqdirdə, bu ölkəni daha ciddi fəlakətlər gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir