“Müstəqilliyin 30 ili ərzində postsovet ölkələrindən Ermənistan hələ də tam müstəqil dövlətə və öz tərəfdaşları ilə münasibətlərdə söz sahibinə çevrilə bilməyib”.
Bunu Baku TV-yə müsahibəsində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
F.Hüseynəliyev qeyd edib ki, Ermənistan hökuməti hələ də xarici siyasət xəttini dəqiq müəyyən edə bilməyib. Bundan başqa, Ermənistan çoxdan Rusiyanın himayədarlığını başqa ölkəyə dəyişmək imkanlarını axtarırdı, indi isə bu xilası Fransada görür.
“Report”un direktoru hesab edir ki, Avropa İttifaqının (Aİ) Ermənistanda mülki missiyasının yerləşdirilməsi və Fransanın İrəvandakı səfirliyində hərbi missiyasının yaradılması buna sübutdur və çox güman ki, bütün bunlar sonda Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması ilə nəticələnə bilər.
Lakin bunun fəsadları Ermənistanın özü üçün də ağrılı olacaq, çünki digər məsələlərlə yanaşı, Rusiyanın Ermənistanda əhəmiyyətli investisiyaları var.
Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin yeni komandanlığının Andrey Volkovun səhvlərini təkrar etməyəcəyinə ümid var: Qarabağdakı qanunsuz silahlı birləşmələr tərksilah ediləcək, həmçinin 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya sülhməramlı kontingentinə həvalə edilmiş vəzifələr qərəzsiz və vicdanla yerinə yetiriləcək.
“Rusiya sülhməramlı qüvvələrinin rəhbəri kimi fəaliyyəti ilə Volkov separatçıları dəstəkləməklə özünü tamamilə gözdən saldı”, – F.Hüseynəliyev qeyd edib.
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına toxunan informasiya agentliyinin direktoru qeyd edib ki, bura Azərbaycanın suveren ərazisidir, bu isə o deməkdir ki, ərazidə sərhəddən keçirilən bütün yüklərə və yerdəyişmələrə sərhədçilər nəzarət etməlidir.
“Nəzarət-buraxılış məntəqəsinin yaradılmasının vaxtı çoxdan çatıb. Çünki Laçın yolundan dəfələrlə silah, mina və digər qanunsuz yüklərin daşınması üçün istifadə edilib. Məntəqənin yaradılmasından bir gün əvvəl Azərbaycan silahlı qüvvələrinin avtomobili erməni separatçılarının yerləşdirdiyi minaya düşərək partlayıb. Xoşbəxtlikdən itki olmasa da, hərbçilər yaralanıb. Bu, yəqin ki, səbr kasasını daşıran son damla oldu”, – o deyib və əlavə edib ki, azərbaycanlı ekofəalların aksiyası başladıqdan sonra erməni separatçıları silah-sursat daşınmasını dolayı yollarla həyata keçirməyə cəhd ediblər.
O bildirib ki, Prezident İlham Əliyev Qarabağın erməniəsilli əhalisinin Azərbaycan vətəndaşlığı alaraq, ölkə ərazisində dinc yaşamaq hüququ qazanacağını dəfələrlə bəyan edib. Lakin əgər onlar bu şərtlə razı deyillərsə, gedə bilərlər.