“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra Qarabağda ermənilər yaşayan ərazidə lokal hərbi tədbirlər gördü və sonra Qarabağda hakimiyyəti ələ keçirmiş xunta tamamilə məhv edildi. Erməni silahlılarının bütün silahları tamamilə yığıldı, qeyri-qanuni dəstələr tamamilə məhv edildi və beləliklə, Azərbaycan son 32 illik müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazisində suverenliyini bərpa edə bildi”.
Bu fikirləri Oxu.Az-a Ermənistanın Vətən müharibəsi zamanı törətdiyi Gəncə terroru və onun baiskarlarının ədalət məhkəməsinə çıxarılmasından danışarkən Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
O qeyd edib ki, Azərbaycan ərazilərini işğal edib, dinc azərbaycanlılara qarşı qırğınlar törədən şəxslər mütləq cəzasına çatacaqdır:
“Ona görə də, Azərbaycanlılara qarşı soyqırım siyasətinin həyata keçirilməsinin bilavasitə iştirakçısı olmuş, Azərbaycan ərazisində qeyri-qanuni hərbi silahlı qüvvələrinin yaranmasının yaradıcısı olmuş və Azərbaycana qarşı terror hadisələrinin törədilməsi ilə bağlı göstərişlər, əmrlər vermiş şəxslərin Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən tutularaq, Bakıya gətirilməsi çox mühüm hadisədir. Bu, uzun illər ərzində bizə qarşı davam edən cinayətkarlığın və bu cinayətdə iştirak edən insanların Azərbaycan qanunları ilə Azərbaycanda mühakimə olunmasına, onların məhkəmə qarşısına çıxarılmasına imkan verir. Təbii ki, bu hadisələr içərisində 44 günlük Vətən müharibəsi zamanı sərhəddən kilometrlərlə kənarda yerləşən Gəncə şəhərinə atılan raket zərbələrinin əmrini verən şəxslərin əməllərini də xüsusi qeyd etməliyik. Gəncəni və Bərdənin bombalama əmri verən Arayik Arturyunyanın həbs edilərək Bakıya gətirilməsi, burada mühakimə olunması haqq-ədalətin bərpası üçün atılan addımdır. Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, Xocalı faciəsi, Meşəli faciəsi, Gəncə terroru və digər azərbaycanlılara qarşı cinayət hadisələri, terrorlar, soyqırımları heç vaxt cinayət məsuliyyətindən kənarda qala bilməz. Artıq Ali Baş Komandan bu vədinə də əməl etdi. Bu addımlar həm də beynəlxalq hüququn öz yerini tapmasına şərait yaradacaq”.
Mahir Abbaszadə düşünürki, separatçı və terrorçuların məhkəmə prosesləri açıq keçirilməli, Arayik və onun kimilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin etirafları, bütün dünyanın, mətbuatın gözü qarşısında olmalıdır:
“Xüsusilə, Qarabağda azərbaycanlıları kütləvi qətlə yetirib, basdırdıqları məzarlıqlar və digər ərazilərdə gizlədilən azərbaycanlıların qalıqlarının tapılması prosesləri göz önündə olmalıdır. Biz bütün resurslardan istifadə edərək, onların əməllərinin dünyaya çatdırılmasını təmin etməliyik. Belə olduğu təqdirdə Azərbaycanın indiyə qədər apardığı mübarizənin haqlı olduğunu bir daha dünyaya sübut edə biləcəyik.
Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarıb, öz ərazilərində ləyaqətli mübarizə ilə suverenliyini təmin edib. Azərbaycanın bu gün mühakimə etdiyi şəxslər isə bütün insanlığa qarşı cinayətlər törətmişlərdir. Ona görə onların Azərbaycan qanunları və beynəlxalq hüququn prinsiplərinə uyğun tam şəkildə cəzasını çəkməsi lazımdır”.
Aysel Aslan