Həftəsonu, sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Delhidə G20-yə daxil olan ölkələrin sammiti keçiriləcək. Sammitin mühüm qərarların qəbulu və müzakirəsi ilə yadda qalacağı gözlənilirdi. Lakin əvvəlcə Rusiya, ardınca da Çin lideri sammitdə iştirak etməyəcəklərini bildiriblər. Rusiya sammitdə xarici işlər naziri, Çin isə baş nazirlə təmsil olunacaq. Qərb mediasının yazdığına görə, bununla da sammitin əhəmiyyəti azalmış olub. Çin liderinin sammitdə iştirak etməməsindən ən çox ABŞ Prezidenti Cozef Bayden narahat olub. O, Si Cinpinin sammitdə iştirak etməməsindən məyusluğunu bildirib. Bayden ümid edirdi ki, Çin liderinin də iştirak edəcəyi sammitdə Rusiya əleyhinə hansısa bir qərarın qəbuluna nail olacaq.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Çin üslubunda diplomatik gediş
Ekspertlər hesab edirlər ki, Çin lideri G20 sammitinə getməkdən imtina etməklə Rusiya ilə əlaqələrin möhkəmliyini nümayiş etdirib. Qeyd olunur ki, bu cür jestlər tamamilə Çin üslubundadır. “Tayvanla bağlı ABŞ-lə mümkün uzunmüddətli münaqişə kontekstində yalnız Rusiya Pekinə nəinki etibarlı arxa cəbhə, həm də lazım gələrsə, hərbi dəstək verə bilər. Ona görə də bu cür jestlər tamamilə təbiidir”, – deyə “Telegram” kanallarda vurğulanıb. Çin ötən həftə bəyan edib ki, Delhidəki sammitə baş nazir Li Çyan gedəcək. O, Çində ikinci şəxs hesab edilir. Bundan əlavə, yayılan xəbərlərə görə, Yeni Delhidə keçiriləcək sammitdə Hindistanın baş naziri Narendra Modi Çinlə gərginliyin artması səbəbindən ciddi diplomatik sınaqla üzləşə bilər. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, G20 ölkələri 1999-cu ildə bu formatda görüşlər başlayandan bəri ilk dəfə ev sahibi ölkə ilə dünyanın aparıcı güclərindən biri arasında ziddiyyətlər səbəbindən yekun sənədləri razılaşdıra bilməyəcəklər. Pekin artıq Ukraynadakı münaqişənin pislənməsi və inkişaf etməkdə olan bazarların borc öhdəlikləri ilə bağlı məsələlərini bloklayıb. Bundan başqa, agentliyin həmsöhbətlərindən biri deyib ki, Çin hakimiyyəti Modinin təklif etdiyi konfransın mövzusunun induizmlə əlaqəli qədim dil olan sanskrit dilində yazılmasına qarşı xüsusilə “döyüşkən” mövqedədir.
Çinlə ABŞ münasibətləri normallaşdıra bilmir
Çinin sammitdə iştirak etməməsi ABŞ-lə yaşanan gərginliklə də bağlı ola bilər. Vaşinqtondan olan çoxsaylı diplomatlar Pekinə səfər edərək ABŞ-Çin gərginliyini səngitməyə çalışsalar da, buna nail ola bilməyiblər. İki ölkə arasında gərginlik bir çox məsələ ətrafında yaşanır – ticarət mübahisələrindən tutmuş, Tayvanın gələcəyi, Çinin Cənubi Çin dənizində ekspansiya siyasətinə qədər. Ümumiyyətlə, Çin ekspertləri G20-nin Pekinə gərəkliliyi barədə müxtəlif fikirlər səsləndirirlər.
“Atlantic Counsil” analitik mərkəzindən olan Coş Kipski hesab edir ki, Çin liderinin tədbirdə iştirak etməməsi G20-nin uzunmüddətliliyini və davamlılığını şübhə altına almış olur. Əgər əvvəllər Çin bu birliyi özünün geosiyasi təsir vasitəsi kimi nəzərdən keçirirdisə, indi belə deyil. Paralel olaraq Çinin ABŞ, Yaponiya, Cənubi Koreya, Almaniya və digər Avropa nəhəngləri ilə münasibətləri korlanmağa başlayıb. “Carnegie China” analitik mərkəzindən olan Pol Xanle də bu qənaətdədir. Çin bunun əvəzində BRİKS adlanan təşkilatda mövqeyini gücləndirib. Təşkilata Braziliya, Çin, Hindistan, Rusiya, CAR daxildir. Son sammitdə üzvlərin sayı 5-dən 11-ə qaldırılıb. Yanvar ayında ora Argentina, Misir, İran, Efiopiya, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olacaq.
Sammit ərəfəsində Hindistan-Çin gərginliyi
Çinin həm də ABŞ-lə sıx əməkdaşlıq edən, lakin “strateji muxtariyyət”də israrlı olan Hindistanla çox çətin münasibətləri var. İki ölkə lideri Cənubi Afrikada keçirilən BRİKS sammitində görüşüb, lakin gərginlik yenə də davam edib.
Qərb ölkələrində bəzi analitiklər hesab edirlər ki, Çin liderinin G20 sammitində iştirakdan imtina etməsi Pekinin klubun nüfuzunu aşağı salmaq üçün planlaşdırılmış cəhdidir. Bəzi hindli müşahidəçilər əmindirlər ki, Çin mübahisəli sərhədlə bağlı tərəflər arasında gərginliyin artdığı bir vaxtda Delhidəki hadisəni korlamaq istəyir. “BRİKS ölkələrini birləşdirən yeganə şey dollara və ABŞ rəhbərliyinə qarşı hedcinq etmək istəyidir”. Çinli müşahidəçilər BRİKS ilə yanaşı, Çin üçün G20 ilə müqayisədə daha əlverişli olan digər platformanın Rusiya və Mərkəzi Asiya ölkələrinin də daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatı olacağını irəli sürüblər.
Türkiyə G20 sammitində “ulduz”a çevriləcək
G20 sammiti çərçivəsində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə biləcəyi də istisna edilmir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel G20 ölkələrinə ünvanlandığı məktubunda Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələrdən çəkinməyə çağırmaq üçün dəstək vermələrini xahiş edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada münaqişənin başa çatması ilə bağlı şərtlərini açıqlaya bilər. Türkiyə Prezidenti G20 sammitindən əvvəl Rusiya lideri ilə görüşən yeganə liderdir. Bu da Türkiyəni Hindistanda keçiriləcək sammitdə “ulduz”a çevirəcək.