• Ç. Noy 27th, 2024

“Getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq” – Separatçıların “şivən”inə sillə kimi cavab

ByYenigun.news

Avq 9, 2022

Azərbaycan Ordusunun “Qisas” antiterror əməliyyatından sonra erməni separatçıların Laçında və Zabuxda qalmış tör-töküntüləri yeni xülyalar görməyə başlayıblar. Belə ki, sayını dəqiq deyə bilmədiyimiz bu separatçı qalıqları Laçın və Zabuxdan çıxmayacaqlarını, döyüşəcəklərini bəyan ediblər.

44 günlük müharibədən sonra Kəlbəcərdən, Ağdamdan çıxarkən də bu cür sarsaqlayan separatçılar var idi. Deyəsən, ulduz görməsə, ölməyən ilan kimi, bu ermənilər də “Bayraktar” görməsələr, sakitləşmirlər. 

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Qarabağda, Şərqi Zəngəzurda qalıb döyüşmək kimi revanşist fikirlərə düşən ermənilərin aqibəti çoxdan bəllidir:

“Bu zaman 44 günlük müharibədə baş verənlərdən daha betəri olacaq. Onların sözügedən bəyanatlarının bir adı var, o da erməni həyasızlığı. Ermənilər yaxşı bilirlər ki, tarix boyu heç vaxt Laçında, Zabuxda erməni yaşamayıb. Yəni onlar haradan bu ərazilərə köçürüldüklərini yaxşı bilirlər. 30 il ərzində burada yaşayırdılar və elə düşünürdülər ki, bu torpaqlarda əbədi qalacaqlar. Ancaq torpağın əsl sahibləri gəliblər və erməni separatçılar könüllü getmək istəməsələr, zor gücünə, iti qovan kimi qovacağıq.

Vaxtaşırı, indi isə lap tez-tez ermənilər şivən qaldırır və yalandan “azərbaycanlılar bizə qarşı soyqırımı törətməyə hazırlaşırlar” deyib bütün dünyanı köməyə çağırırlar. Ancaq ermənilərin iynələri artıq tikiş tutmur. Çünki Azərbaycan özünün humanist, sülhsevər siyasətini dünyaya bəyan edib və əməli işi ilə də bunu göstərib.

Azərbaycan Ordusu torpaqlarını işğaldan azad edib və Azərbaycan əsgəri bir metr də olsun, Ermənistan ərazisinə keçməyib. Müharibə dövründə də biz öz humanistliyimizi nümayiş etdirdik. Ermənilər isə öz xislətlərinə yaraşan şəkildə dinc əhalini raket, top atəşinə tutdular, basdırdıqları yüz minlərlə minalar vasitəsilə hələ də azərbaycanlılara qarşı qırğınlar törətməkdə davam edirlər. Ancaq biz ermənilərdən fərqli olaraq sülh yolunu seçmişik. Sülh yolu isə bir qarış da olsa torpağımızın erməni işğalında qalmamasından keçir”.

Deputat bildirib ki, torpağımızın hər qarışı əzizdir:

“Kimin nə deməsindən, necə fikirləşməsindən asılı olmayaraq biz son millimetrinə qədər torpaqlarımızı düşməndən, terrorçulardan təmizləyəcəyik. Dünyada bu gün baş verən proseslərə baxanda onun haqq-ədalətlə, beynəlxalq hüquqla idarə olunmadığını görürük. Dünya güclə idarə olunur. Yaxın Şərqdə, Ukraynada baş verənlər, 30 il ərzində bizim başımıza gətirilən müsibətlər bu faktı təsdiqləyir”.

E.Məmmədovun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da “meydanda gücü olmayanın masada da gücü olmur” deyib:

“Nə vaxt ki biz meydanda gücsüz idik, masada da sözümüz keçmirdi. Bu gün meydanda güclüyük və artıq diktə edən tərəf də bizik. İrəvanın nəsə sarsaqlaması, Parisin hansısa fikir bildirməsi, Vaşinqtonun separatçılara hansısa yardım etməsi onların öz işləridir. Biz haqq yolunu tutmuşuq və heç kimin torpağında gözümüz yoxdur. Gedən proseslər də göstərir ki, biz torpağımızda düşmənlərimizin qalmasına icazə verməyəcəyik.

Son günlərdə “Qisas” antiterror əməliyyatı nəticəsində hansı uğurları qazandığımız da göz qabağındadır. Bu əməliyyatlar son terrorçu, son qeyri-qanuni silahlı erməni, separatçı torpağımızdan təmizlənənə qədər davam edəcək”. 

Aysel Aslanqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir