Xidmətdən kənar vaxt ailəsi ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölünün kənarında istirahət edərkən suya atılaraq boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib, daha sonra uşağın anasını xilas etmək istəyərkən onunla bərabər suda boğulan polis serjantı Vüsal Əbülfəz oğlu Quliyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edildiyi Azərbaycan Respublikasının “İgidliyə görə” medalı ailəsinə təqdim olunub.
Oxu.Az xəbər verir ki, Medal Naxçıvan Muxtar Respublikası Daxili işlər naziri general-mayor Süleyman Neymətov tərəfindən Vüsal Quliyevin övladına təqdim edilib və bildirilib ki, fədakar, qəhrəman polis əməkdaşımızın xatirəsi daim uca tutulacaq.
Vüsal Quliyevin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.