Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilib:
“Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir”.