• Be. Noy 4th, 2024

Görkəmli alim, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür

ByYenigun.news

Yan 14, 2023

Bu gün Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin doğum günüdür.

Oxu.Az xatırladır ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 

1947-ci ildə orta məktəbi bitirib və Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1952-ci ildə Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 

1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. Xoşbəxt Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə o, Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 

1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 

1970-1992-cı illərdə “Xəzərdənizneft” İctimai Birliyinin, “Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq “Xəzərdənizneftqazsənaye” Birliyinin, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini – baş geoloq vəzifələrində işləyib. Elmi fəaliyyətini bu dövrdə də davam etdirən Xoşbəxt Yusifzadə 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə yiyələnib.

1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. Onun iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilib və istismara daxil edilib. X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə verib. 2005-ci ildə ona “professor” elmi adı verilib.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xoşbəxt Yusifzadə 2017-ci ildə MDB ölkələrinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalına layiq görülüb. 2018-ci ildə dünya elmi və iqtisadiyyatı qarşısında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən İctimai Təltif Şurasının qərarı ilə Avropa Ali Xidmət ordeni ilə mükafatlandırılıb. Eyni zamanda, 2009-cu ildən üzvü olduğu Azərbaycan Respublikası Ağsaqqallar Şurasının 2018-ci ildə Fəxri Fərmanı ilə təltif edilib.

Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə 2000-ci ildə Azərbaycan Respublikasının “İstiqlal”, 2004-cü ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri, 2019-cu ildə Heydər Əliyev Mükafatı və ən nəhayət 2020-ci ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Son olaraq 2023-cü il dekabrın 7-də  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan tankerə akademik Xoşbəxt Yusifzadənin adı verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Oxu.Az kollektivi adından Xoşbəxt Yusifzadəni təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir