• Ça. Noy 26th, 2024

“Güclü dövlət quruculuğu mütləq şəkildə ədalətin zəfər çalmasına səbəb olur” – ŞƏRH

ByYenigun.news

Sen 26, 2023


“44 günlük müharibədən sonrakı üç ilə yaxın müddətdə İrandan, Hindistandan və Fransadan Ermənistana çox sayda silahın daşındığına şahid olduq. Hətta rus sülhməramlılarının müşayiəti ilə Qarabağdakı separatçıların mərkəzlərinə silah və sursat daşıdığına dair görüntülər yayılırdı”.

Mövzunu şərh edən politoloq, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov Oxu.Az-a bildirib ki, ümumiyyətlə son üç il ərzində Ermənistanın silahlandırılması uğrunda yarış gedir:

“Bu yarış İrəvanın regionda gərginliyi daha da artırmasına səbəb olur. Bu günə kimi Ermənistanın Azərbaycanın sülh çağırışlarını rədd etməsinin səbəblərindən biri növbəti müharibəyə hazırlaşmasıdır. İrəvan bunun üçün aldığı silahlara güvənir. Maraqlısı odur ki, bu silahlar sadəcə Ermənistana daşınmayıb. Təkcə son iki-üç gündə Qarabağda çox sayda silah-sursatın müsadirə edilməsi, Ermənistan üzərindən separatçılara fasiləsiz şəkildə hərbi yük daşınmasının göstəricisidir. Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarındakı qələbəsi həm də bu silah-sursatın separatçılara necə, hansı yolla daşınması məsələsini aktuallaşdırır. Hesab edirəm ki, bu prosesdən sonra beynəlxalq hüquqi platformalarda Azərbaycan ərazilərinə bu qədər silahın gizli yolla necə daxil edildiyi müzakirəyə çıxarılmalıdır. Yəqin ki, rəsmi Bakı bu istiqamətdə lazımı addımlar atacaq”.

Politoloq qeyd edib ki, bəzi amillər silah və texnika təminatından daha güclüdür:

“Əsas məsələ silah deyil, cəsarət və haqlı olduğunu dərk etmək, özünə inanmaqdır. Separatçılar ən yüksək səviyyədə silahlarla təmin olunsaydılar belə, haqsız idilər. Onlar işğalçıdırlar. Ermənistandan Qarabağa xidmət adı altında göndərilən şəxslər orada döyüşmək istəmirdilər. Mənəvi-psixoloji vəziyyətin separatçı “orduda” kifayət qədər aşağı olması, Azərbaycan ordusunun yüksək səviyyədə təminatı, təlim-tərbiyə prosesinin güclü şəkildə həyata keçirilməsi düşmənin ağ bayraq qaldırması ilə nəticələndi. Antiterror əməliyyatları bir daha göstərdi ki, güclü dövlət quruculuğu sonda mütləq şəkildə ədalətin zəfər çalmasına səbəb olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir