• Ç. Noy 27th, 2024

Gürcüstan “agent” axtarışında: Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında yeni çağırış – TƏHLİL

ByYenigun.news

Mar 8, 2023

Gürcüstanda hökumətlə prezidentin dərinləşən ixtilafı yeni qanun layihəsinin qəbulu fonunda daha da dərinləşir.

Rusiyanın əsib-coşdurduğu və təlimatlar verdiyi “Xalqın gücü” hərəkatı Gürcüstan parlamentinə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi təqdim edərək onun qəbuluna nail oldu.

Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən media qurumları və qeyri-hökumət təşkilatları (QHT) Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar.

Rusiya burada yaxşı oynayıb, sənəd ABŞ-nin analoji qanununun bazasında hazırlanıb və Moskva prosesin Gürcüstandakı “Xalqın gücü” hərəkatının müstəqil iradəsi kimi görüntüsünün yaranmasında maraqlıdır.

Ancaq Gürcüstanda Qərbə inteqrasiya tərəfdarı olanlar qanunun Rusiyanın narrativlərinə xidmət etdiyini və ya edəcəyini başa düşərək etiraz edirlər. Prezident Salome Zurabişvili etirazçılara dəstək verməklə faktiki olaraq təsdiqləyir ki, ölkənin idarəetmə panelində ciddi çatlar var.

Bir sözlə, Gürcüstanın “başı” (dövlət başçısı) Qərbdə, “bədəni” isə (hökumət) Rusiyadadır.

Gürcüstanda Rusiyanın direktivləri ilə siyasətə böyük təsir imkanları qazanan Bidzina İvanişvili ölkənin təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

İvanişvili Gürcüstanda hökuməti Rusiyanın xəttində saxlamağa nail olub, Nazirlər Kabinetinin idarəetmədəki üstün səlahiyyətləri Prezidentin Qərbə meylinin qeyri-effektiv siyasi nəticələr hasil etməsinə yardımçı olur.

Belə qarışıq vəziyyət Rusiyaya imkanlar yaradır ki, Qərbi Gürcüstandan sıxışdırsın, hərçənd ki, Tbilisinin Avropanın siyasi-hüquqi dəyərlərinə inteqrasiyasının təməli çoxdan atılıb.

Hökumətin Rusiyanın tərəfində durması təhlükəsizlik narahatlıqları ilə əlaqədardır, yəni inteqrasiyanın əleyhinə yönələn addımlara əsaslanmır.

Bununla belə, Tbilisidəki ehtiyatlı duruş Moskvanın Cənubi Osetiya və Abxaziyadakı münaqişələri idarə edib, təsir etmək imkanlarını genişləndirir.

Gürcüstandakı hadisələr, siyasi qalmaqallar onun tərəfdaşı Azərbaycan və Türkiyəni də narahat etməlidir, prinsip etibarı ilə Bakı ilə Ankara Tbilisinin Qərbə meyillənməsinin əleyhinə deyillər.

Rusiyanın Gürcüstanın üstünə qaldırdığı toppuz Bakı ilə Ankaraya Moskva ilə danışıqlarda əlavə mövzu üzrə istiqamət verəcək.

Düzü, Münhen Təhlükəsizlik Konfransından sonra Gürcüstanın üzərini qara buludlar alacağı gözlənilən idi.

Gürcüstanın öz təşəbbüsü ilə deyil, daha çox Qərbin təlimatları ilə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki moderatorluğu Rusiya üçün siqnal idi.

Düzdür, Gürcüstanda baş verən etiraz aksiyaları daha böyük siyasi problemlərin qalaqlanmasının nəticəsidir.

Ancaq məsələni həm də Tbilisinin Qərbin əli ilə Bakı-İrəvan gündəliyinə təsir etmək imkanları çərçivəsində nəzərdən keçirmək olar. Bu, Rusiya üçün qəbuledilməz bir presedentdir, ona görə də düşünmək mümkündür ki, Moskva Tbilisini öz təlimatları əsasında Bakı-İrəvan proqramına ürcah etməyə çalışır.

Gürcüstandakı böhran regiona təsir edir, onun Rusiya ilə Qərb arasında rəqabətin xəttinə çevrilməsi Cənubi Qafqaz və Qara dəniz regionuna təhlükələr yaradır.

Rusiya-Ukrayna müharibəsi fonundakı yeni risklər isə başağrısıdır, sülh və təhlükəsizliyin ziddinə çevrilə bilər.

Gürcüstanda hökumətlə prezidentlik təsisatı arasında xarici siyasətə münasibətdəki mövqelər bir-birindən daha sürətlə aralanmaqda davam edəcək.

Azərbaycan və Türkiyə proseslərin qaranlıq dalana itələnməməsi üçün Qərblə Rusiya arasında incə manevrləri davam etdirmək çağırışı ilə üzləşəcəklər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir