• Ça. Noy 26th, 2024

Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir – ŞƏRH

ByYenigun.news

May 4, 2024




Gürcüstanda “Xarici Agentlərin Qeydiyyatı” haqqında qanun layihəsi bəzilərinin xoşuna gəlmir. Bəzilərinin deyəndə ki, Gürcüstanı Qərbdən asılı görmək istəyənlərin. Adama deyərlər ki, bu qanun layihəsində pis nə var ki? Fəaliyyət göstərirsənsə, xaricdən maliyyə alırsansa, bunun hesabatını vermək də çətin olmamalıdır.

Qərb Gürcüstanda fəaliyyət göstərən 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir.

Yəqin bu səbəbdəndir ki, Qərbmeyilli qüvvələr nə hesabat vermək istəyir, nə də qanunları qəbul etmək istəyir. Çünki əsl niyyət çirklidir. Deməli, Gürcüstan hakimiyyəti öz mövqeyində haqlıdır. Bu cür qanunlar axı Qərb ölkələrinin özlərində də var. Onlara olar Gürcüstana yox?!

Maraqlıdır ki, bu gün qanunun qəbul olunmasına qarşı sərt çıxış edən ABŞ özü bu qanunu hamıdan əvvəl qəbul edib. Avropa İttifaqında da müvafiq hüquqi aktlar fəaliyyətdədir.

Məsələ bunda da deyil. Bu qədər həyasızlıq göstərir ki, Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari ölkəni Ukraynaya çevirmək niyyəti güdür.

Eyni ssenari 2004-cü ildə Gürcüstanda artıq tətbiq olunmuşdu. Hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi. Ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Abxaziya ilə yanaşı Cənubi Osetiya da tamamilə itirildi. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu.

İndi isə Gürcüstan hökuməti Rusiya ilə münasibətlərdə təhlükəsizlik üçün daha ehtiyatlı mövqe seçib. Görünür ki, Qərb bundan bərk hiddətlənib. Daha doğrusu ən çox da ABŞ. Halbuki Qərbin Gürcüstanda təxribatları artıq bilinən məsələdir.

Keçən illər ərzində Gürcüstan cəmiyyətində çox ciddi dəyişikliklər baş verdi. Narkomaniya, milli mənəvi dəyərlərin aşınması, cinsi azlıqlar hərəkatının vüsət alması məhz Qərbin imzasıdır.

Qeyd edək ki, Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu.

Buna görə də, gürcü xalqı əvvəlki illərdəkindən fərqli olaraq daha böyük təhlükəni görür və avantüraya getmir.

Vaxt var idi, eyni şəbəkə Azərbaycanı da hədəf almışdı. Amma 2010-cu ildən başlayaraq ABŞ-nin Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı.

Vaxtı ilə Milli Demokratiya Fondu (NED) ətrafında toplanan təxribatçılar, gəncləri qiyama qaldırmağa cəhd etmişdi. Amma onun bu cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü.

Ancaq onların kölgəsi altında olanlar yenə də qalıb. Təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır.

Buna baxmayaraq bir fakt var: ABŞ, Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil.

İndi də Azərbaycana qarşı təzyiq üçün sanksiyaları gündəmə gətirirlər. Amma bu, alınan məsələ deyil.

Sözü ona gətiririk ki, Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirməyə başlayıb.

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir