• Ca. Noy 28th, 2024

Gürcüstan ictimaiyyəti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyir – FOTO

ByYenigun.news

Sen 22, 2023


“Gürcüstan ictimaiyyəti Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini dəstəkləyir”.

Bu sözləri “Report”a açıqlamasında Vahid Milli Hərəkat partiyasının deputatı David Kirkitadze deyib.

O bildirib ki, Gürcüstan beynəlxalq hüquqla təsbit edilən Azərbaycanın süverenliyini tanıyır və onun ərazi bütövlüyünə hörmətlə yanaşır:

“Biz hər zaman Azərbaycanın ərazi bütövlüyü dəstəkləmişik. Düşünürəm ki, hər kəs də Azərbaycanın ərazi bütövlüyü tanımalıdır. Ümid edirik ki, Qafqazda sülh bərqərar olacaq. Qafqazda olan 3 ölkə – Azərbaycan, Gürcüstan, Ermənistan – bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşacaq. Belə olan halda ölkələr arasında heç bir mübahisə yaşanmayacaq. Çünki indi 1990-cı illər deyil”.

Hərbi-siyasi ekspert, professor Vaxtanq Maysaya isə bildirib ki, Qarabağda Azərbaycanın keçirdiyi antiterror tədbiri 5-ci nəsil döyüş taktikasına uyğun gedirdi:

“Çünki yüksək dəqiqlikli texnologiyalardan istifadə olunurdu. Pilotsuz uçuş aparatları, hədəfləri dəqiq məhv edən texnikalardan istifadə edildi və ən əsası isə “yol xəritəsi” düzgün qurulmuşdu”.

O qeyd edib ki, Azərbaycan Ordusunun yüksək manevrli hərəkətləri bu əməliyyatı 21-ci əsrin ən sürətli antiterror əməliyyatı adlandırmağa imkam yaratdı:

“Çünki burada Azərbaycan Silahlı Qüvvələri özünün yüksək hazırlığını nümayiş etdirdi. Bir məsələni də diqqətə çatdırım ki, 5-ci nəsil döyüş gedirdi. Burada həm də kiberdöyüş var idi, informasiya cəbhəsində qarşı tərəf tam nəzarətə götürülmüşdü, səhv informasiyanın yayılmasının qarşısı alınmışdı və Azərbaycan düşmənə hər cəbhədə göz açmağa imkan vermirdi. Bu da, təbii ki, son dövrlər Azərbaycan ordusunun istər Türkiyə, istər Pakistan, istərsə də İsrail ordusu ilə birgə keçirdiyi təlimlərin nəticəsidir”.

Politoloq Simon Kapadze də “Report”un yerli bürosuna bildirib ki, Azərbaycanın antiterror tədbirləri qanun çərçivəsində həyata keçirilib:

“Çox doğru addım kimi qiymətləndirirəm ki, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına nail oldu. Burada ermənilərin səsi də çıxmamalıdır”.

Politoloqun sözlərinə görə, Azərbaycan 2020-ci ildən sonra sülh üçün saysız-hesabsız addımlar atdı. Amma Ermənistan adekvat cavab vermədi:

“Bir deyim var, sözdən başa düşməyəndə güc işə düşür. Bunu da Azərbaycan etdi. Sözdən başa düşməyən Ermənistana gücünü göstərdi. Başa saldı ki, ərazi bütövlüyü necə bərpa olunur. Bu, həm də bütün dünyaya çox gözəl misal oldu. Mən də Azərbaycanın atdığı addımı dəstəkləyirəm. Bu, əslində, Ermənistan üçün əla bir şansdır. Onlar artıq müstəqil qərar verməlidirlər. Artıq onlar özlərinə müstəqil bir dövlət qurmalıdırlar. Kimlərinsə marağına xidmət etməməlidirlər. Bununla regionda daha mehriban bir dövlət ola bilər. Ermənilər qonşuluq əlaqələrini və beynəlxalq əlaqələrini artıq düzgün qurmağı öyrənməlidirlər”.

“Azərbaycan 30 illik həsrətə son qoydu, ərazi bütövlüyünü tam bərpa etdi. Bununla da Azərbaycan bütün dünyaya öz milli maraqlarını necə qoruduğunu, ərazi bütövlüyünü necə müdafiə etdiyini sübut elədi”.

Bu sözləri isə siyasi şərhçi Zurab Batiaşvili deyib.

Politoloqun fikrincə, sovet ittifaqı dağılandan sora Azərbaycan ərazi bütövlüyünü bərpa edən ilk dövlətlərdən oldu:

“Burada tək hərbi yox, eləcə də diplomatik əlaqələr böyük rol oynayır. Azərbaycan isə bu əlaqələri mükəmməl qurub. İndi ona görə də hər kəs Azərbaycanı ərazi bütövlüyünə qovuşduğu üçün təbrik edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir