• Ca. Noy 28th, 2024

Hər qarışına nəfəs verilən şəhər – Laçından REPORTAJ + FOTO

ByYenigun.news

İyn 20, 2023


28 il sonra düşmən tapdağından azad olunan Laçında artıq iki ildir ki, quruculuq və bərpa işləri görülür. Laçınlıların öz doğma yurdlarında işlə təmin olunması, onların təhlükəsizliyi və rifahı üçün bir sıra layihələr həyata keçirilir. Dağıdılan infrastruktur yenidən qurulur, ərazi abadlaşdırılır, yollar salınır. Artıq bir çox işlər tamamlanıb, növbəti layihələrin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, rayonda genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.

1992-ci ilin mayın 18-də erməni quldurlarının işğalından əvvəl Laçın şəhərində 2 020 fərdi, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1 500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabrından Laçının Baş Planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb. Artıq 50-dən çox ailə Laçına qayıdıb.

Bu ilin mayın 27-28-də Laçın rayonuna səfər edən Prezident İlham Əliyev ilk çoxmənzilli yaşayış məhəlləsinin də təməlini qoyub.

“Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini Nəsimi Əsədov bildirib ki, tezliklə Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisinə başlanacaq:

“Hazırda tikintisi başa çatan evlərə sakinlər köçürülürlər. Mərhələli şəkildə hazır olan digər evlərə sakinlərin köçürülməsi davam edəcək”.

Nəsimi Əsədov

Aqro və Sənaye Parkında 1169 nəfər işlə təmin olunacaq

Azərbaycan Prezidenti Laçına səfər zamanı Aqro və Sənaye Parkında aparılan işlərlə də tanış olub.

N.Əsədov qeyd edib ki, yerli əhalinin məşğulluğu ilə bağlı yaradılan Aqro və Sənaye Parkında istehsal müəssisələri tikilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün təxminən 1 200-ə yaxın iş yeri açılacaq:

“Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80%-nin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Bundan başqa, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub”.

Çaykənarı bulvar ən sevimli məkanlardan olacaq

Laçın şəhərində salınan çaykənarı bulvarda da işlər yüksək keyfiyyətlə icra olunur. Bura Laçının ən sevimli məkanlardan olacaq. “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini qeyd edib ki, artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərliyin də fəaliyyət göstərəcəyi bildirilib. İnsanların rahat istirahətinin təmini üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması planlaşdırılır.

İnfrastruktur işləri sürətlə və yüksək səviyyədə aparılır

Laçın şəhərinin Baş Planında xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin də yaradılması nəzərdə tutulur.

Nəsimi Əsədov bildirdi ki, Laçın şəhərində kinoteatrın tikintisi artıq başa çatmaq üzrədir və tezliklə təhvil veriləcək. Həmin kinoteatrda 250 nəfərin film izləməsi nəzərdə tutulub.

“Həmçinin məktəbin tikintisi də davam edir. Əvvəllər burada 1 və 2 saylı olmaqla iki təhsil ocağı fəaliyyət göstərib. Həmin məktəblər hazırda əsaslı şəkildə təmir olunur. Sentyabr ayına qədər 2 saylı məktəbin bərpası başa çatacaq. Köçən sakinlərin məktəbli uşaqları həmin məktəbdə təhsillərini davam etdirəcəklər”, – deyə MMC-nin direktor müavini diqqətə çatdırıb.

Yol infrastrukturu ilə bağlı görülən işlərdən də danışan “Bakı Abadlıq Xidməti”nin rəsmisi şəhərdəki əsas yollarda ilkin asfalt işlərinin başa çatdığını vurğulayıb:

“Müəyyən işlərdən sonra ikinci asfalt örtüyünün vurulmasına başlanacaq. Hazırda bütün yolların kənarında səkilər salınır”.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun xətti ilə Laçında məscid kompleksi də tikiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir