• Ca. Noy 28th, 2024

Hərbi güc tətbiqi ssenarisi masaya qayıdır – ŞƏRH

ByYenigun.news

Mar 11, 2023

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində separatçılığı dəstəkləyən, gələcək üçün hərbi təxribatlar hazırlayan əməllər davam etməkdədir.

Azərbaycan Müdafiə Nazirliyi martın 11-də açıqladığı məlumatda Ermənistan silahlı bölmələrinin və qeyri-qanuni erməni dəstələrinin şəxsi heyətinin sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə daşınmasını bəyan etdi.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunun hərəkət marşrutu kimi seçilməsi Rusiyanın Ermənistana dəstəyinin nəticəsi kimi ortaya çıxır. Çünki ermənilərin hərbi avtomobil karvanlarını Rusiya sülhməramlılarının döyüş maşınları müşayiət edir.

Məlumatda diqqəti çəkən başqa bir məqam Ermənistanın silahlı qüvvələrinin prosesdəki iştirakına dair ötürülən informasiyadır.

Bu o deməkdir ki, Azərbaycan 10 Noyabr Bəyanatının icrasında yaranan problemləri aradan qaldırmaq üçün öz ərazilərinə silah daşınan mənbələri də aradan qaldırmaq hüququna malikdir.

Üstəgəl, Ermənistana dəstək və ya belə dəstək üçün əsaslar verən dövlətlərə çatdırılmalıdır ki, onlar hərbi-siyasi xarakterli, təcavüzkar separatizmlə şərtlənən qüvvələri ayaqlandırırlar.

Yəni Azərbaycanın mənəvi və hüquqi haqları var ki, prosesi ayrı-ayrı dövlətlərin separatçı meyilləri qızışdırmaq cəhdləri kimi təsnif etsin.

Bu, daxili sabitliyə, ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş terrorçu fəaliyyətdir. Bakı danışıqların mənasız olduğunu görüb, güc tətbiq etməklə qanunazid fəaliyyətlərə son qoymaq haqqını özündə saxlayır.

Çünki Azərbaycana qarşı atılan addımlar işğala geri qayıtmaq, onun nəticələrini rəsmiləşdirmək cəhdləridir.

Belə olan halda, Azərbaycan antiterror əməliyyatları keçirib qanunsuz silahlı dəstələri, eləcə də silahların yola çıxdığı mənbəni zərərsizləşdirmək hüququndan istifadə edə bilər.

Deməli, birinci halda daxili təhlükəsizlik üçün sərhəddən uzaqda, bunun nəticələrinin daimiliyini təmin etməkdən ötrü isə Ermənistanla sərhəd zolağında paralel hərbi güc tətbiqi ssenarisi masaya qayıdır. Bu, Şərqi Zəngəzurla Qarabağ iqtisadi rayonu arasındakı təhlükəsizlik bağlarının bərkidilməsi üçündür.

Hələlik Azərbaycan siyasi, diplomatik yollarla Ermənistanla sərhədin Laçın yoluna daxil olan hissəsində sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasına çalışır.

Ancaq bu vasitə ilə nəticə əldə etmək müşkülə çevrilir, ona görə də Azərbaycan qısa müddətdə alternativ variantı işə salıb istədiyini əldə edə bilər.

Azərbaycan dövləti Müdafiə Nazirliyi səviyyəsində yaydığı məlumatlar və xəbərdarlıqlar, Xarici İşlər Nazirliyi səviyyəsində diplomatik-siyasi bəyanatlarla bu tezisi üstün saxladığını nümayiş etdirir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir