Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli cümə xütbəsi zamanı baş verən hadisədən danışıb.
“Qafqazinfo”ya açıqlama verən Hacı Şahin qeyd edib ki, xütbə zamanı bir nəfər ayağa qalxaraq anlaşılmaz, bir-biri ilə əlaqəsi olmayan sözlər deməyə başlayıb:
“Həmin şəxs məscidin xidmətçiləri və mühafizəçiləri tərəfindən kənarlaşdırıldı. Sonra onunla məscidin yaxınlığında olan, təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşları danışdılar. Daha sonra həmin şəxsin ruhi xəstə olduğu və bundan əvvəl də bir neçə məscidə gedərək özünün Mehdi olduğunu və ona vəhy gəldiyini bildirdiyi bəlli oldu”.
14:12
Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi olan Şahin Həsənli (Hacı Şahin) çıxışı zamanı təxribatla üzləşib.
Oxu.Az xəbər verir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib.
Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.
Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.
Hadisə ilə bağlı xütbə zamanı danışan Hacı Şahin deyib:
“Belə şeylər olur. Narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır”.