• C. Noy 29th, 2024

Hatay zəlzələsindən zərərçəkən azərbaycanlı: “Adyala bürünüb çöldə oturmuşuq” – FOTO

ByYenigun.news

Fev 8, 2023

Fevralın 6-da Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdə zərərçəkən azərbaycanlı qadın danışıb. 

Hatay şəhərində yaşayan Lalə Rüstəmova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə baş verən gün ailəsi ilə evdə olublar:

“Mən ailəmlə Hatayda İskenderun Denizçiler məhəlləsində yaşayıram. Hadisə baş verən gün həyat yoldaşım, mən, rəfiqəm və onun beşyaşlı uşağı evdə yatırdıq. Zəlzələ olan zaman tez evdən çıxdıq və gecə saat 04:00-ə kimi binalar çökdü.

Çox dəhşətli mənzərə idi. Neçə gündür ki, çətin vəziyyətdə idik. Açıq mağazalarda da fürsətdən istifadə edib suları baha satırlar. Sadəcə adyala bürünüb sığınacaqda oturmuşuq. Artıq yardımlar edilməyə başlayıb. İndi ərzaq yardımı gələcəyi bildirilib, onu götürəcəyik”.

O qeyd edib ki, Hatayın yolları tamam dağılıb, hava limanı yanıb, işıqlar kəsilib:

“Rəfiqəmin evi tamamilə dağılıb, küçələri su basıb. Hava çox soyuqdur və hər dəqiqə zəlzələ olur. Sonumuz necə olacaq bilmirik”.

Mənim həyat yoldaşım Türkiyə vətəndaşıdır. O da ana-atasını burada atıb gedə bilməz. Mən də yoldaşımı, ailəmi qoyub, Azərbaycana gedə bilmərəm. Zəlzələnin bitməsini, dövlətimizin köməyini gözləyirik”, – deyə o əlavə edib. 

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə ilkin olaraq, FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Ötən gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə Türkiyəyə yollanıb. bu gün səhər saatlarında isə 227 şəxsi heyət Türkiyəyə yollanıb. 

Xatırladaq ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 8 574 nəfər həyatını itirib, 49 133 nəfər yaralanıb.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir