• Ç. Noy 27th, 2024

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi keçirilib – FOTO

ByYenigun.news

İyn 24, 2023


Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Oxu.Az-ın məlumatına görə, buraxılışda Müdafiə Nazirliyinin nümayəndələri, zabitlər, institutun pedaqoji kollektivi, eləcə də valideynlər iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib, məzunlara xidmətdə uğurlar arzulayıb.

Onun sözlərinə görə, nazirin əmri ilə kursantlara leytenant rütbəsi verilməklə, ordumuzun zabit korpusuna qoşularaq, ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə zabit ixtisas qrupuna daxil olacaqlar:

“Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda mükəmməl təhsil sistemi yaradılıb. Heydər Əliyev milli hərbi kadrların hazırlanmasına önəm verirdi. Eyni zamanda, Silahlı Qüvvələr, eləcə də institutumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub”.

General qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi”.

O, kursantlara aldıqları bilikləri, dünya hərbinin ən son yeniliklərini ordumuza daşıyacağına inandığını qeyd edib:

“Bu gün ordumuzda çox ciddi islahatlar gedir. Ordumuz dünyanın qabaqcıl ordularının nümunəsində yenidən qurulur. Belə bir şəraitdə hər birinizin layiqli şəkildə xidmət etməsi böyük zəhmət və bilik tələb edir”.

Leytenant, pilot Elmar Abdullayev bildirib ki, bu gün məzun olub, ordu sıralarında xidmətlərini  davam etdirəcəklər:

“Gənc leytenantların həyatında böyük sevincdir. Qarşımıza qoyulan tələblərə uyğun olaraq təhsilimizi davam etdirmişik. Mənə dəstəyə görə, valideynlərimə də təşəkkür edirəm”.

Tibb xidmət leytenantı Tural Həsənli isə bildirib ki, altı illik təhsilini başa vurub:

“Mən ordu sıralarında hərbçi olmaqla yanaşı, həkim kimi xidmətimi davam etdirəcəyəm. Bizə böyük bir məsuliyyət düşür. İnanıram ki, kursant yoldaşlarımla bunun öhdəsindən gələcəyik”.

Heydər Əliyev adına Hərbi İnstitutun tədris və intizamda fərqlənən məzunlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.

İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə xatirə lövhəsi vurulub.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir