• Şb. Noy 30th, 2024

Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Piano Festivalının açılışı olub – FOTO

ByYenigun.news

İyn 16, 2023


İyunun 15-də Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci Bakı Beynəlxalq Piano Festivalı başlayıb.

Oxu.Az-ın məlumatına görə, iyunun 29-dək davam edəcək festivalın məqsədi dünyanın hər yerindən ən yaxşı musiqiçiləri təşviq etmək və müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə mədəni körpü yaratmaqdır.

Festivalın Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimində Mərkəzin nümayəndəsi Rəna Məmmədova, Azərbaycanın Əməkdar artisti, Bakı Beynəlxalq Piano Festivalının təsisçisi Şahin Növrəsli, məşhur pianoçu Elen Mersye çıxış edib.

Rəna Məmmədova bildirib ki, bu cür beynəlxalq tədbirlərin Mərkəzdə keçirilməsi artıq ənənə halını alıb:

“İkinci Bakı Beynəlxalq Piano festivalı bu gün başlayır və 14 gün davam edəcək. Bu cür mötəbər bir musiqi festivalının Mərkəzdə təşkil edilməsi əlamətdar hadisədir”.

O qeyd edib ki, builki festivalda Azərbaycanla yanaşı 10 ölkə – Almaniya, Avstriya, Braziliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Norveç və Türkiyə təmsil olunur:

“Həmin ölkələrdən gələn istedadlı musiqiçilərin Azərbaycan tamaşaçısı və ölkəmizin qonaqlarına maraqlı konsert proqramları təqdim edəcəyi nəzərdə tutulub”.

Azərbaycanın Əməkdar artisti, Bakı Beynəlxalq Piano Festivalının təsisçisi, direktoru Şahin Növrəsli isə bildirib ki, festivalı ikinci dəfə keçirilməsindən məmnundur:

“Bizə dəstək olan tərəfdaşlarımıza təşəkkür edirik. Biz açılış zamanı xüsusi bir musiqi parçası hazırlamışıq. Yaxın zamanlarda dünyanın bir çox guşələrində siz onu eşidəcəyik”.

Elen Mersye çıxışı zamanı bildirib ki, Bakını bəyənib və gözəl insanların əhatəsində olub:

“Sizlərin qonaqpərvərliyinizin şahidi oldum. Klassik musiqi, caz ahəngdarlığını dinləyəcəksiniz”.

Qeyd edilib ki, festival Bakının müxtəlif konsert salonlarında, açıq və qapalı məkanlarda keçiriləcək. Azərbaycan Dövlət Simfonik və Azərbaycan Dövlət Kamera orkestrlərinin müşayiəti ilə dünya ulduzları ilə yanaşı, musiqi bayramında istedadlı gənc nəslin nümayəndələri olan yerli pianoçular və digər musiqiçilər də iştirak edəcəklər.

Rəsmi hissədən sonra konsert təqdim edilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, həmin orkestrin müşayiəti ilə Elen Mersye və Şahin Növrəslinin ifasında məşhur Amerika bəstəkarı Gerşvinin “Mavi rapsodiya”sı səsləndirilib.

Festival çərçivəsində ictimaiyyət üçün bir sıra interaktiv master-klaslar da təşkil olunacaq.

Bununla da II Bakı Beynəlxalq Piano Festivalı vasitəsilə bu musiqi bayramının bütün dünyada daha çox tanınmasına, həmçinin, Azərbaycan mədəniyyətinin təşviq olunmasına nail olunacaq.

Festival günlərində canlı musiqi sədaları onsuz da bənzərsiz olan Bakının yay axşamlarına özünəməxsus bir ovqat bəxş edəcək.

Xatırladaq ki, I Bakı Beynəlxalq Piano Festivalı 2022-ci ilin may ayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Açıq və qapalı məkanlarda baş tutan konsertlər paytaxtımızın vacib hadisələrindən birinə çevrilib və auditoriyanın böyük marağına səbəb olmuşdu. Ötən il festivalda ölkəmizlə yanaşı Almaniya, Argentina, Çexiya, Fransa, İspaniya, Qırğızıstan, Norveç, Polşa və Türkiyədən olan pianoçular iştirak etmişdilər. Həmin ölkələrdən gələn musiqiçilər tamaşaçılar qarşısında müxtəlif musiqi janrlarına aid proqramlarla çıxış etmişdilər. Festivalda klassik, caz, flamenko, müasir musiqi, muğam ifa edilib.

Azərbaycan hər zaman piano aləmində böyük nailiyyətlər əldə edib və Bakı Beynəlxalq Piano Festivalı da bu ənənənin uğurlu davamıdır.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir