“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qurtuluş Gününə həsr olunan film hazırlayıb.
Kinoproqram redaksiyasında ərsəyə gələn “Qurtuluşa doğru” filmi ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişindən bəhs edir.
QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, hadisələrin iştirakçıları o dövrdə olan prosesləri filmdə dilə gətiriblər.
Filmdə, həmçinin, ulu öndəri Naxçıvandan Bakıya gətirən təyyarənin pilotu sözügedən hadisələri Azərbaycan Televiziyasına danışır. Təyyarə hansı şəraitdə Bakıdan göndərilib? Naxçıvanda o zaman vəziyyət necə idi? Hava limanında hansı təhlükələr var idi? Heydər Əliyev hansı şəraitdə təyyarəyə minib? 30 illik fasilədən sonra bu hadisələr tam təfərrüatı ilə AzTV-də xatırlanır.
Filmin rejissoru Rəna Yunisli, ssenari müəllifi Afaq Vasifqızı, operatoru Cavid Əliyev, montaj rejissoru Zurab Salmanoğludur. Layihənin rəhbəri isə Elnur Məmmədovdur.