“Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, “Nə qədər Azərbaycan var, mən də olacağam! Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri Heydər Əliyevin həyat fəlsəfəsidir.
Deputat bildirib ki, Heydər Əliyev hər bir addımında, hər bir qərarında Azərbaycan üçün, onun inkişafı və gələcəyi üçün çalışıb:
“Bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi ölkəmizi bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz onun səmərəli fəaliyyəti sayəsində mümkün olub. 30 ilə yaxındır Azərbaycan öz müstəqilliyini yenidən bərpa edib. Lakin bu müstəqillik heç də asan başa gəlməyib. Azərbaycan xalqı mübarizə aparıb, şəhidlər verib. Ulu öndər hər zaman xüsusi olaraq vurğulayırdı ki, Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlayıb, bu yolda böyük məhdudiyyətlərə düçar olsa da, qurbanlar versə də mətin iradəsi sarsılmayıb.
Bu gün həmin tarixə nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, siyasi, iqtisadi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki hər hansı inkişafdan danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığı sual altında idi”.
“Ulu öndər azərbaycanlıları həmişə təəssübkeş olmağa dəvət edirdi”
H.Hüseynova qeyd edib ki, ümummilli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı:
“Tarixin ayrı-ayrı dövrlərində bizi milli tariximizdən, mədəniyyətimizdən ayırmaq, sahib olduğumuz milli-mədəni-dini sərvətimizi saxtalaşdırmaq istəyiblər. Lakin xalq o zaman öz böyüklüyünü dərk edir ki, öz kökündən ayrı düşmür. Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşırdı, keçmişindən ayrı düşən xalq, millət gələcəyini qura bilməz. Ona görə də, bu böyük şəxsiyyət, həm də azərbaycanlıları təəssübkeş olmağa dəvət edirdi.
Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Həm tarixi mənbələr, həm də müxtəlif vaxtlarda ölkəmizə gələn xarici qonaqlar bunu təsdiq ediblər. Azərbaycanda tarixən çoxsaylı etnosların və müxtəlif dinlərin birlikdə yaşamasına baxmayaraq, indiyə kimi heç vaxt bu ərazidə milli ayrı-seçkilik baş verməyib və dini qarşıdurma olmayıb”.
“Heydər Əliyev Azərbaycanın hərb tarixi, görkəmli hərbçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi”
Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradıldığını deyən deputat bildirib ki, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası bərqərar olub:
“Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Bu sahədə yaradılmış müdrik siyasi-mənəvi xətt Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və zənginləşdirilir. Ümummilli lider hələ hakimiyyətinin birinci dövründə xalqımızın döyüş ruhunun yaşadılması və gələcəkdə ordu quruculuğunun inkişaf etdirilməsində mühüm rol oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıb. O, Azərbaycanın hərb tarixi, görkəmli hərbiçilərimizin həyat və fəaliyyəti haqqında geniş biliklərə malik idi. Bu məktəbin yaradılması sanki gələcəyə hesablanmış bir siyasi addım idi.
Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olublar. Birinci və İkinci Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu liseyin yetirmələridir. O, hər zaman deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Bu ideyanı İlham Əliyev daha da inkişaf etdirərək güclü ordu yaratdı”.
“Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub:
“Ulu öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalıb. O, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyətdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazıb”, – H.Hüseynova əlavə edib.