• Şb. Noy 30th, 2024

Himayədar ailəyə verilmiş uşaqların tərbiyəsinə görə yeni müavinətlər müəyyənləşdi – MƏBLƏĞLƏR

ByYenigun.news

İyl 12, 2023


“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliklə “Müavinətlərin növləri” maddəsinə yeni yarımbəndlər əlavə edilib:

– 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət;

– 4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət;

– 7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda;

– 7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.

– 11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.

Bundan başqa, dövlət başçısı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 881-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.

Fərmana əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin məbləği müəyyənləşib.

Belə ki, himayədar ailəyə verilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

– 0-6 yaş arası uşağa görə – 355 manat, 7-13 yaş arası uşağa görə – 375 manat, 14-18 yaş arası uşağa görə – 395 manat;

Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər aşağıdakı kimi olacaq:

– 0-6 yaş arası uşağa görə – 395 manat, 7-13 yaş arası uşağa görə – 415 manat, 14-18 yaş arası uşağa görə – 435 manat.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir