Türkiyə milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Vətən müharibəsi, Qarabağ zəfəri, Türkiyənin bu yöndə Azərbaycanla həmrəyliyi, qarşılıqlı münasibətlərin bölgədəki vəziyyət baxımından hansı mərhələdə olması ilə bağlı fikirlərini bildirib.
O, bununla bağlı “Haber Global” telekanalına müsahibə verib.
“Birincisi, Azərbaycan bizim qardaşımızdır. Biz həqiqətən iki dövlət, bir millətik. Xüsusilə də 44 günlük uğurlu müharibədən sonra azərbaycanlı qardaşlarımızla daha da bütünləşdik. Bu məsələdə həqiqətən də azərbaycanlı qardaşlarımızın, Azərbaycan türkünün ağrısını, iztirablarını daim içimizdə hiss etdik.
ATƏT-in Minsk qrupu bu 30 ildə 30 kəlməlik iş görməyib. Bir milyondan çox qaçqın və məcburi köçkün, işğal edilmiş Vətən torpağı, Qarabağ, Xocalı soyqırımı kimi məsələlər həll olunmamış qaldığı halda heç kim bununla bağlı barmağını belə tərpətmədi.
Burada iki mühüm məqam var. Birincisi, Azərbaycan yalnız deyil, ikincisi də azərbaycanlı qardaşlarımızın “Yetər artıq” deməsi ilə Azərbaycan bununla bağlı hərəkətə keçdi. Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük bir zəfərlə bu yöndə vəziyyəti dəyişdi”, – deyə nazir qeyd edib.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri daha da dərinləşib:
“İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyib:
“İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyrinədir”.
Mənbə: Haber Global