• Ç. Okt 30th, 2024

“Humanitar ifa”: Daha iki ölkə erməni yalanlarına şərikdir – ŞƏRH

ByYenigun.news

Dek 19, 2022

Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, ekofəalların, ekspertlərin iştirak etdikləri aksiya bir həftədən çoxdur ki, davam edir.

Aksiyada səslənən tələblər Qarabağdakı əhalinin qaranlıqdan gün işığına çıxması üçün də lazımdır, dövlət də onları öz vətəndaşı kimi qəbul etməyə hazır olduğunu bildirir.

Ancaq Qarabağ erməniləri özlərini Azərbaycan vətəndaşı kimi aparmalıdırlar ki, Bakı da onlara konstitusion hüquqlar tanısın.

Azərbaycan dövlət olaraq çağırışlarını edir və cəmiyyətin müxtəlif təbəqələrindən də bu çağırışlara dəstək verilir, yaxşı olardı ki, beynəlxalq aləm də Bakının ərazi suverenliyi tələbləri çərçivəsində həmin tezislərə qoşulsun.

Yox, Azərbaycanın suverenliyinə qısqanclığının üstünü örtmək üçün humanitar böhran epitetlərinə müraciət edilirsə, burada heç bir səmimilikdən söhbət gedə bilməz.

Belə qeyri-səmimi kampaniyanı gah ABŞ Konqresinin bəzi üzvləri, gah Fransadakı dairələr aparırlar, lakin etiraf etmək lazımdır ki, Ağ Ev özü Azərbaycanı vacib tərəfdaş kimi görür və ərazi bütövlüyünə hörmətlə yanaşır.

Eyni sözləri Fransa haqqında demək çətindir, çünki Parisin mövqeyi ilə onun saman altından su yeritməyə çalışan ekspert çevrələri, deputatlarının fikirləri arasında kəskin bir fərq yoxdur.

ABŞ insan hüquqları mövzusunu qlobal meydanda hegemonluq iddiasının episentrində tutur, açıq demək lazımdırsa, həmin vasitədən dövlətlərə təzyiq üçün istifadə etsə də, ərazi bütövlüyünə təhdid yaradan separatizmi dəstəkləmir.

Fransa dedikdə isə nə insan hüquqlarından, nə də insani dəyərlərdən danışmaq yada düşür, hərçənd ki, siyasət üçün bu da məqbuldur.

Belə məqamda Azərbaycan başqa ölkələrin siyasətinin məqbullarına haqq qazandırmaq niyyətində deyil, o, sadəcə, çox da mürəkkəb olmayan və başa düşülməsi müşkül yaratmayan hüquqlarını səsləndirir.

Qarabağdakı qanunsuz erməni hərbi dəstələri çıxarılmalı, Rusiya sülhməramlı kontingenti erməni milyarderlərlə əlbir olub təbii sərvətləri talamamalıdırlar.

Yəni heç olmasa, təbiətin korlanması, ətraf mühitin zədələnməsi amilidəmi kimlərinsə bəsirət gözünü açmağa imkan vermir?

Təbii ki, qərəzli və hikkəli olanı dəlillə, sübutla, bəyanatla yola gətirmək çətindir, çünki belələrinin siyasi xəmiri instinktiv nifrət mayası ilə yoğrulub.

Deyilənlər azmış kimi, bu dəfə Qarabağda guya humanitar böhranın yaşandığı ilə bağlı ifaya Kanada və Litva da qoşularaq səslərini ucaltdılar.

Kanada bəllidir, o da erməni məsələsi ilə bağlı əsatirlərin dünyaya çatdırılması missiyasını yerinə yetirir.

Litvaya gəlincə, bəlkə də, həqiqətən də, bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycanda Dağlıq Qarabağ adında ərazi vahidi olmadığını hələ bilmir, lakin bəyanatın sonrakı cümlələrinin əsəbdən zəncir çeynəyən tərzdə verilməsi sual doğurur: Sizə nə olub?

Humanitar böhran anlayışı geniş miqyasda baş verən hadisələrin insan həyatını yerlə yeksan edən yekunudur. Qarabağda belə bir şeymi baş verib? Xeyr, Azərbaycan humanitar məqsədlər üçün Qarabağa girişi də əngəlləmir. Azərbaycanlı fəallar dinc aksiya keçirirlər, yolu bağlayan isə Rusiya sülhməramlılarıdır, lakin başqa zaman oxları Moskvaya tuşlayan ölkələr bunu da dilə gətirmirlər.

Humanitar fəlakət anlayışları erməni nağıllarının davamıdır, Azərbaycanın Qarabağdakı etnik ermənilərin inteqrasiyası üçün atdığı addımları görməzdən gəlib dünyanı əfsanələrə inandırmaq cəhdləri hələ də səngiməyib.

Olsun, ancaq Fransa, Kanada, Litva və Ermənistanın mənəvi dayağı İranı, Hindistanı çıxmaq şərtilə dünya birliyi özü də bu dəqiqə həmin miflərlə məşğul olub beynini yormaq və ermənilərə dayaq durmaq niyyətində deyil.

Onları hazırda ən çox Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadların aradan qaldırılması düşündürür və buna görə də Azərbaycanın enerji resurslarına ehtiyac duyulur. Ona görə də Qərbdəki çevrələr tezislərini dəyişib Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi ideyalarına köklənsələr, yaxşı olar, bu, onların öz ölkələri üçün də xeyirlidir!

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir