• Be. Noy 25th, 2024

I Qarabağ müharibəsinin məşhur döyüşçüsünün təşəkkürü: “Birdəfəlik ödənişin verilməsi böyük işdir” – FOTO

ByYenigun.news

Avq 2, 2022

“Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin növbəti humanist addımıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu deyib.

O xatırladıb ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, şəhid ailələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmələr verilmişdi:

“Həmin fərmanın ardınca isə Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən ilin dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdı. Bu fərmana qədər Birinci Qarabağ müharibəsi əlilləri qanunvericiliyin yaratdığı problemlərə görə birdəfəlik ödəmələri ala bilmirdilər. Ancaq Prezident, həmişə olduğu kimi, bu dəfə də məsələyə humanist yanaşdı. Bu çox ciddi məsələ və böyük işdir”.

Qarabağ qazisi Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib:

“Bu işi həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də öz təşəkkürümüzü bildiririk. Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərirlər. Bu gün başlanılan proses də bu diqqət və qayğının nəticəsidir”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

– 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

– Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

– Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

– Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

– Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir