“Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsi təşkilatın əsas məqsədidir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İcmanın Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş “Ümumdünya Qaçqınlar Günü və Azərbaycanda qaçqın məsələsi” adlı tədbirində çıxışı zamanı deyib.
Tədbirdə azərbaycanlıların Ermənistandan qovulması, oradakı Azərbaycan mədəni irsi, tarixi sənədlərdən ibarət foto sərgi keçirilmiş və sənədli film nümayiş etdirilib, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edib və 1988-ci ildə Ermənistandan qaçqın düşmüş Zivər Muradova qaçqınlıq məşəqqətlərini anladan xatirələrini bölüşüb.
İcma sədri qaçqın və məcburi köçkün probleminin həllində və beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirin çox əlamətdar hadisə olduğunu vurğulayıb.
Daha sonra o, 1989-cu ildə təsis edilmiş İcmanın tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verib.
Ə.Ələkbərli İcmanın Qayıdış Konsepsiyasında qeyd edildiyi kimi, Qərbi Azərbaycana sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışın təmin edilməsinin təşkilatın əsas məqsədi olduğunu bildirib.
Ə.Ələkbərli Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə daima nümayiş etdirdiyi prinsipial mövqeyin, ələlxüsus, 24 dekabr 2022-ci ildə İcmamızın inzibati binasını ziyarət etməsinin, orada proqram xarakterli çıxış etməsinin, Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstək ifadə etməsinin İcmanı xüsusilə ruhlandırdığını bildirib.
Ə.Ələkbərli dünyada qaçqın və məcburi köçkünlərin sayında olan artımdan narahatlıq ifadə edib və bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsində Ümumdünya Qaçqınlar Gününün əhəmiyyətini qeyd edib.
Sədr Ümumdünya Qaçqınlar Günündə insan hüquqları və ədalət prinsiplərini rəhbər tutaraq, Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdış hüququnun həyata keçirilməsi, habelə qayıtdıqdan sonra hüquq və təhlükəsizliyinin təmin olunması istiqamətində haqq işinə dəstək verməsi məqsədilə İcmanın beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlarını bir daha təkrarlayıb.
Daha sonra 1988-ci ildə Ermənistandan qaçqın düşərkən böyük çətinliklərə düçar olmuş Zivər Muradova öz ağrılı xatirələrini bölüşüb, Vətənə qayıdışı səbirsizliklə gözlədiyini bildirib.
Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qaçqınlıq həyatını, Qərbi Azərbaycanda dağıdılmış tarixi-mədəni abidələri, məzarlıqları əks etdirən fotosərgi nümayiş etdirilib, tarixi sənədlər və kitablar sərgilənib.
Sonda qaçqınlara həsr olunmuş “Üçüncü Missiya” adlı sənədli filmin təqdimatı baş tutub. Filmin direktoru Sənan Sultanov, ssenari müəllifi Vüsal Mətləbdir. 26 dəqiqəlik filmdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya olunmasından bəhs olunur. Filmdə tarixi video-xronika ilə yanaşı deportasiyaya məruz qalmış insanların şahid ifadələri yer alıb. Filmdə həmçinin Qərbi Azərbaycan İcması barədə ümumi məlumat, 24 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binası ilə tanışlığı və Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə keçirdiyi görüşdən çəkilmiş videodan fraqmentlər də yer alıb.
Tədbirdə dövlət və hökumət nümayəndələri və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Nəzrin Vahid