• C. Noy 29th, 2024

İfşa olan diktatura: Makron üçün qaçılmaz son yaxınlaşır…

ByYenigun.news

İyl 18, 2023


Fransa Prezidenti Emmanuel Makronun siyasi kimliyi bir çox təzadlarla doludur. Ölkəsində baş verən daxili proseslərdən tutmuş Makronun dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amil onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir.

Fransa lideri nə qədər can atsa da, Avropanın sayılıb-seçilən, sözü mötəbər hesab edilən liderləri sırasında dayana bilmir. Çünki sadalanan amillər təkcə hansısa dövlətin başçısı postunu tutmaqla deyil, həm də siyasətçi kimi özünəməxsus və uğurlu yola sahib olmaq, dünya gündəmində öz statusuna yaraşan miqyasda mövzularla qalmaq, həmçinin qlobal məsələlər barəsində müstəqil fikrə sahib olmaqdan da asılıdır.

E. Makron barəsində isə yuxarıda sadalanan lider-siyasətçi xüsusiyyətlərini görmək mümkün olmur.
Üstəlik, hər ötən gün E.Makronun siyasi obrazı daha da təlatümlü və qarışıq bir vəziyyətə bürünür.

Növbəti belə qarışıq durum Makronun ABŞ-nin məşhur “Uber” şirkəti ilə münasibətlərində öz əksini tapıb. Artıq dünya mətbuatında böyük maraq doğuran “Uber faylları” Makronun siyasi kimliyini təyin etməkdə növbəti ipucu rolunu oynaya bilər.

Fransa prezidentinin hələ iqtisadiyyat naziri olduğu dövrdə “Uber” taksi xidməti ilə qurduğu gizli və yaxın əlaqələr sayəsində bu şirkətin Fransa qanunlarını pozaraq öz təsir dairəsini genişlətməsinə göz yumması, əslində, bir lider üçün olduqca ağır və arzuolunmaz vəziyyətdir. Ancaq E.Makronun siyasətçi imici üçün hətta bu qədər ciddi və qanunsuz bir proses də son nöqtə hesab edilməməlidir. Necə deyərlər, Makronun potensialı bundan artığını da vəd edir…

Ancaq söhbət Makron kimi səriştəsiz və yalnız öz mənfəətini güdən “siyasətçi”dən getsə belə, yenə də fakt faktlığında qalmaqdadır.

Yeri gəlmişkən öz xalqını düşünmədiyini hər vəchlə göstərən E.Makron ermənilərə “ədaləti bərpa etmək”lə bağlı cəfəng sözlər də verib. Ancaq son baş verənlər məntiqi şəkildə bir sualın ortaya çıxmasına zəmin yaradır. Öz xalqına, millətinə qarşı dürüst ola bilməyən, öz mənfəəti naminə xalqını aldadan və onun fikirləri ilə hesablaşmayan bir “lider” ermənilər üçün niyə can yandırmalıdır?

Sualın özü, əslində, cavabın da təməlini təşkil edir. E.Makron sadəcə ermənilərdən istifadə edir, öz maraqlarına alət edir və yekunda sadəcə boş vədlərlə onları aldadır.

Mənfəət və şəxsi maraqlardan danışmışkən, maraqlıdır görəsən, Makron “Uber”in qulluğunda nəyin qarşılığında dayanıb?

“Uber” şirkətinin yolsuzluqları ilə bağlı açıqlanan son sənədlərə əsasən, Makron şirkətin rəsmiləri ilə ictimaiyyətdən gizli sövdələşmələr əsasında şirkətin sürücülərinin ölkə qanunlarına əsasən sürücü kimi işə alınmaq üçün keçməli olduqları təlim saatlarının azaldılmasına razılıq verib və bu, ciddi pozuntu halıdır. Buna isə şəxsən bu gün prezident kreslosunda əyləşən şəxs – E.Makron razılıq verib. Hər halda Fransanın hüquq-mühafizə orqanlarını da yuxarıda verilən sual ciddi maraqlandırmalıdır. Makronun “Uber” üçün ölkəsində əlverişli “şərait yaratmasının” arxasında daha ağır və ciddi qanun pozuntularının dayanması yəqin ki, utopiya deyil…

Fransanın lideri kimi ağır bir vəzifənin öhdəsindən gəlməkdə acizlik nümayiş etdirən Makron bu gün öz ölkəsində heç də hər kəsin sevimlisi sayıla bilməz. Hətta demək olar ki, hər ötən gün ona qarşı qəzəb dalğası miqyasını əzmlə genişləndirir. Ölkədə baş verən etirazlar, iğtişaşlar bunun bariz nümunəsidir. Bu etirazlara Fransa dövlətinin amansız reaksiya da E.Makronun siyasətçi kimi ipdən asılı olduğunu göstərir. Əks halda xalqın haqlı tələblərini güc tətbiq etməklə boğmağa çalışmaq, onların maraqlarını heçə saymaq ölkə liderinə nə vəd edə bilər ki? Görünür, Makron gedişatın acınacaqlı və qaçılmaz sona apardığını duyacaq qədər hiyləgərdir və bu sonu bir qədər ləngitmək üçün son şanslarından istifadə edir…

Bir faktı da nəzərə çatdıraq ki, “Uber”in 2014-cü ildən Fransa qanunlarına zidd bir şəkildə ölkə ərazisində “özəl sürücü” xidmətini aktivləşdirməsi Makronun nazir kimi ilk fəaliyyət ilinə təsadüf edir. Ancaq E.Makronun bu gün Fransada yaratdığı mənzərə onu göstərir ki, hələ nazir olarkən atdığı qanunsuz addımlar heç də təsadüf deyil. Bu, E.Makronun siyasi obrazının təcəssümüdür. İlk fürsətdə xalqının mənafeyini şəxsi maraqlarına qurban vermək E.Makronun gələcək siyasi karyerası üçün böyük risk olsa da, onun illər sonra bu gün Fransa prezidenti kürsüsündə əyləşməsi məharətlə qanunsuz əməllərini ört-basdır edə bildiyini göstərir. Ancaq artıq ifşa olunmuş faktlar qarşısında nə edəcəyi müəmmalıdır. Hər halda bu cür qanun pozuntularına hüquqi qiymət verilməsi zəruridir və Fransa prezidentinin də bütün imkanları ilə buna qarşı çıxacağını, müqavimət göstərəcəyini proqnozlaşdırmaq mümkündür.

Üstəlik, bu əməllər Makronun seçkilərdəki iki qələbəsinin də legitimliyini sual altında qoya bilər. Hər halda əlinə düşən ilk fürsətdə xalqının maraqlarını satan bu şəxs daha yüksəklərə qalxmaq üçün hansı yollara əl atmaz ki?!

Kreslosuna əyləşən kimi lobbi qruplarının təsir dairəsinə düşən E.Makronun öz ölkəsində liderlik keyfiyyətləri nümayiş etdirib, xalqının problemlərini həll edəcəyi o qədər də ağlabatan səslənmir. Elə E.Makronun ermənilərlə “yaxınlığının” arxasında da lobbi fəaliyyətləri və bu fəaliyyətlərin xalqın deyil, şəxsin maraqlarına uyğun nəticələri, vədləri dayanır.

Adı bu cür böyük qalmaqalla hallanan E.Makronun reytinqinin yerlə bir olması olduqca labüd məsələdir. Onsuz da indiyə qədər 30 faizdən bir qədər çox reytinqə malik Fransa prezidentinin “Uber” hadisəsindən sonra bu dəstəyi də itirməsi olduqca qüvvətli bir ehtimaldır. Belə olan halda isə Fransanın nə ölkəsində, nə də dünyanın siyasi arenasında o qədər də sevilməyən liderinin liderliyini legitim hesab etmək bir qədər sadəlövhlük sayıla bilər.

Makron üçün cari vəziyyətdə ən uğurlu seçim istefa sayıla bilər. Ancaq siyasi fəaliyyəti müddətində heç bir uğura imza atmamış Makrondan bu uğurlu seçimi gözləmək də real sayıla bilməz. Üstəlik, E.Makronun şəxsi keyfiyyətləri də bu cür ağır, ancaq bir o qədər də məsuliyyətli qərarı verməsinə əngəl yaradır.

Bütün bunların əvəzində isə E.Makronun əlində xalqa qarşı amansızlıqla istifadə etdiyi bir silahı – güc strukturları var. Fransada haqqı uğrunda mübarizə aparan, ölkədə qanuni tələblərini dilə gətirən hər kəs polisin və ya başqa bir güc strukturunun dəyənəyindən, su şırnaqlarından öz nəsibini alır. Bunun adı isə hər nə qədər Fransa özünü “demokratiyanın beşiyi”, “demokratiyanın hamisi” hesab etsə də, diktaturadan başqa bir şey deyil.

E.Makronun siyasi obrazı məhz bundan ibarətdir: ilk fürsətdə dövlət mənafeyini şəxsi maraqlara qurban verən, xalqın hüquq və azadlıqlarını zor gücünə boğan, xarici lobbi qruplarının əlində oyuncağa çevrilən, demokratik prinsipləri tapdalayacaq diktatura rejimini quran səriştəsiz “lider”.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir