Tikdirdiyi binaların sayına görə Bakı milyonçuları arasında birincilik qazanmış Ağa Musa Nağıyevə Sovet hakimiyyəti illərində “İstismarçı kapitalist” damğası vurulmuşdu. Hətta Ağa Musaya “xəsis” deməkdən də çəkinmirdilər.
Halbuki onun həyatına, fəaliyyətinə nəzər yetirdikdə tamam başqa nəticəyə gəlmək olur. Bəs əslində, Ağa Musa Nağıyev kim idi?
Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri qəsəbəsində kasıb ailədə anadan olub. Atası Hacı Əlinağı Məmməd oğlu ailəsini saman satmaqla dolandırırdı. Ağa Musanın anası Rüqiyyə Məşədi Məmmədyar qızı isə evdar xanım idi. Varlanandan sonra kasıblıqda çəkdiyi əziyyətləri unutmayan Nağıyevin var-dövləti bəzən Hacı Zeynalabdin Tağıyevi də ötüb keçirdi. Həyat yoluna borcla başlayan Ağamusa 50 yaşından sonra əksər milyonçulardan varlı idi. Belə bir ifadə var: pul qazanmaq – bacarıq, onu qoruyub saxlamaq – müdriklik, ondan düzgün istifadə etmək isə istedaddır. Ağa Musa Nağıyevdə bu xüsusiyyətlərin hər üçü cəmləşmişdi.
O, qənaətcil olub, pulu hara və nəyə xərcləməyi dəqiq hesablaya bilirdi. Nağıyevin həyat yoldaşı biləcərili Kərbəlayı Cəfərin qızı Ümməsəlmə xanım idi. Ağa Musa onunla evlənəndə haradasa 30-31 yaşı var imiş. İki övladı olub: oğlu İsmayıl və qızı Ümbülbanu. “İsmailiyyə” binası yanandan sonra Ağa Musa özünə gələ bilmirdi. O, tez-tez bu sözü deyirmiş: “Mən İsmayılı bir daha itirdim”. Bu düşüncələr onu sarsıdır, yataq xəstəsi edir. Ağamusa son gününədək uşaqlarının anası olan Ümməsəlmənin yanında olur və xanımı ona qulluq edir.
Ağa Musa oğlu İsmayılı İsveçrədə aldığı müalicə zamanı ziyarət edərkən qotik üslubda tikilmiş saraylara həsrətlə baxırdı. O, oğlunun sağalacağına ümidini üzmədən, onun şərəfinə Bakıda bu binalara oxşar bina tikdirəcəyinə qərar verir. 1906-cı il fevralın 16-da ağır vərəmdən heç cür yaxa qurtara bilməyən İsmayıl dünyasını dəyişir. Ağamusa “İsmailiyyə” binasını tikməyə qərar verir. Bina istedadlı polyak memarı İosif Ploşkonun ilk işi olub. Qızılı rəng və əlvan mərmər daşların istifadə olunduğu bu tikili Venesiya saraylarının təcəssümüdür. 1919-cu il martın 4-də o dünyasını dəyişdi. Onu bala dərdi öldürdü.
Ağa Musa vəsiyyət edir ki, məni oğlum İsmayılın yanında, Kərbəlada dəfn edərsiniz. Buna görə də, Ağa Musa Nağıyevi “əmanət qəbir” kimi Cəmbərəkənddə dəfn edirlər. Kərbəla həsrəti ilə yanan “əmanət qəbr”i məcburən üç dəfə məkanını dəyişdikdən sonra, yalnız 1998-ci ildə Biləcəri qəbiristanlığında rahatlıq tapır.
Daha ətraflı Baku TV-nin süjetində: