“İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dünyada yüksək qiymət artımının və inflyasiyanın Azərbaycana təsirinin azaldılması istiqamətində atılan addımlarla bağlı sualı cavablandırarkən bildirib.
Azərbaycandakı inflyasiyanın idxal edilmiş inflyasiya adlandıran dövlətimizin başçısı deyib:
“Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.