“Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır, əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində bildirib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycanın dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldır. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.