“Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, burada da inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi sanki gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.
Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib:
“Bu sahədə son vaxtlar daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər həm seleksiya işləri, həm də gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”.