“Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb”.
Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
“Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, – məlumatda qeyd edilib.
13:33
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Nəsimi rayonu, Bülbül prospektində (18-30 saylı evlə üzbəüz) ağacın məhv edilməsi və piyada səkisinin kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdarənin mətbuat xidmətindən Caliber.Az-a verilən məlumatda qeyd edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsas şəhər yollarında təmir və yenidənqurma işləri aparılır.
“Bakı Şəhər İcra Hakimiyyəti burada yeni park yerlərinin yaradılması ilə bağlı heç bir rəy və icazə verməyib. Faktla bağlı məhkəmənin aparılması üçün aidiyyəti qurumlara müraciət göndərmişik”, – deyə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Xatırladaq ki, piyada səkisinin daraldılması və ağacın kəsilməsini təsdiqləyən fotolar sosial şəbəkələrdə böyük rezonans doğurub.
12:00
Bakının Nəsimi rayonunda ağac kəsilib, yerində parkinq salınıb.
Bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Bildirilib ki, sözügedən ərazidə çoxillik ağac kəsilərək piyadalar üçün səki daraldılıb.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Bildirilib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.
İlhamə Əbülfət