“Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir”.
AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş tədbirdə səsləndirib.
Dövlətimizin başçısı müqayisə üçün deyib ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb.
“İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.