“Prezident İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu, müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığımızın artırılması, sosial dövlət öhdəliklərinin realizə edilməsi, ölkədə hərbi sənayenin yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artırılması mərhələsidir:
“Buna paralel olaraq eyni zamanda çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşların rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə edilməsi dövrüdür”.
O qeyd edib ki, 2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən prezident seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm qoymuş oldu:
“Bu mərhələ dərin islahatlar, regional layihələrin uğurla reallışdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu beynəlxalq təşkilata iki il rəhbərlik etməsi təcrübəsinin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına rəhbərlik edəcək mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir. Ancaq 2018-ci il prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyət və uğur, heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir”.
Parlament üzvü qeyd edib ki, bu hadisə tək İlham Əliyevin hakimiyyəti dövrünün parlaq zəfəri deyil, bütövlükdə Azərbaycanın hərbi-siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə, ən parlaq zəfərdir:
“Tarixi qələbəmiz özlüyündə nə qədər çətin əldə edilən bir nailiyyət idisə, bu qələbə nəticəsində regionumuzda yaranan yeni güc balansının və strateji konfiqurasiyanın dünyaya qəbul etdirilməsi işi bir o qədər çətin proses idi. Cəmi bir neçə gün əvvəl Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq sırf region ölkələri tərəfindən deyil, bütövlükdə Avropa tərəfindən də qəbul edildi”.
“Artıq regionumuzun gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək. Başqa sözlə, Prezident İlham Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir tarixi-siyasi coğrafiyada mümkün sülhü diktə edəcək. Hazırda xalqımız tarixi zəfərimizin yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və nailiyyətlərimizin başlanğıcıdır”, – H.Babaoğlu vurğulayıb.